24.12.2024, 07:07
AZ EN
20.10.2023, 17:38 204

İş yerlərini itirən separatçı "məmurlar" ödənilməmiş maaşlarını tələb edir

XƏBƏRLƏR

Bu gün İrəvanda Qarabağ separatçılarının “qərargahı” qarşısında etiraz aksiyası keçirilib. Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatından sonra Ermənistana köçmüş erməni əsilli sakinlər özünü buraxmış qondarma "Artsax"ın rəhbərliyindən onların mənzil-məişət və sosial problemlərinin istiqamətində təxirəsalınmaz tədbir görülməsini tələb ediblər. Burada separatçılarının İrəvandakı “qərargahı”nın bundan sonra fəaliyyət göstərə bilməyəcəyini eşidən etirazçılar onların problemlərinə laqeyd münasibətə görə hiddətləniblər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, "qərargah"a toplaşanlar separatçıların sonuncu başçısı Samvel Şahramanyandan maaş, pensiya və sosial müavinət tələb ediblər. Etirazçılar hətta Samvel Şahramanyanın qardaşı Karen Şahramanyana hücum edərək onu döyüblər. Polis və təhlükəsizlik xidməti onu etirazçılardan qorumağa çalışsalar da, Karen Şahramanyan müxtəlif nahiyələrindən zərbələr alıb.
 
Polis tərəfindən saxlanılanların olduğu bildirilir. Aparılan araşdırmalardan sonra separatçıların “qərargahı” qarşısındakı etiraz aksiyasını Samvel Babayanın təşkil etdiyi məlum olub. Məlumata görə, etirazçılar ora xuntanın “keçmiş müdafiə naziri” Samvel Babayanın təhriki ilə gediblər. Bildirilir ki, Samvel Babayan bu vəziyyəti özünü buraxmış “Artsax”ın humanitar məsələlərinin idarəçiliyini öz əlinə almaq üçün yaradıb.

“Babayan Artsaxın humanitar problemlərini həll etmək üçün dünyanın hər yerindən göndərilən maliyyə resurslarına idarəçiliyi ələ keçirməyə çalışır”, - deyə məlumatda deyilir.

Polisin apardığı araşdırmalar zamanı o da məlum olub ki, etiraz aksiyasında iştirak edənlərin əksəriyyəti ləğv edilmiş qondarma rejimin "dövlət qurumları"nda çalışmış keçmiş "məmurlar"dır. "Dövlət işçisi" kimi iş yerini itirmiş həmin şəxslər maaşların ödənilməsinin dayandırılmasına etiraz əlaməti olaraq qondarma "Artsax"ın İrəvandakı "qərargahı"nın yerləşdiyi binanın qarşısına toplaşıblar. Həmin  binada separatçı rejimin özünü buraxması barədə qərar vermiş sonuncu "prezident" Samvel Şahramanyan da olub. O, yaxın ətrafı vasitəsilə artıq ləğv olunmuş xunta rejiminin ləğv olunması ilə əlaqədar "qərargahın" da fəaliyyətini dayandırdığı və keçmiş əməkdaşların maaşının dondurulduğu barədə etirazçılara məlumat göndərib. Bundan sonra maaş, pensiya və müavinətlərin ödənilməsi tələbi ilə binanın qarşısına toplaşan etirazçılar içəri soxulublar. Şahramanyanın qardaşı Karen də etirazçıların qarşısını kəsmək istəyərkən döyülüb.

Xatırladaq ki, Karen Şahramanyan da uzun illər qondarma qurumda müxtəlif "vəzifələr" tutub. O, 2021-ci ildən etibarən separatçı rejimin "aparat rəhbəri" olub.

Elxan SALAHOV

Oxşar xəbərlər