"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Qərargah” bəyan edib ki, Qarabağı könüllü şəkildə tərk edərək Ermənistana köçən ermənilərin problemləri ilə rəsmi İrəvanın yaratdığı Humanitar Mərkəz məşğul olduğundan separatçılar üçün ayrıca "qərargahın" fəaliyyət göstərməsinə ehtiyac qalmayıb.
"Qərargah"ın yaydığı xəbərdarlıqda bildirilir ki, Qarabağı tərk edərək Ermənistanda yaşamağı seçən ermənilər məskunlaşma, işlə təminat və digər problemlərin həlli ilə əlaqədar Humanitar Mərkəzə müraciət etməlidir. Həmçinin Ermənistan hökumətinin dəstəyinə ehtiyacı olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 saat fəaliyyət göstərən “114 qaynar xətti"nə zəng edə və ya Vahid Sosial Xidmətin ərazi (vilayət) mərkəzləri ilə əlaqə saxlaya bilərlər.
“Buna görə də İrəvan şəhəri Abovyan küçəsi 9 ünvanında fəaliyyət göstərən “operativ qərargahımız” öz işini dayandırır”, - deyə qondarma qurumun "ofis-qərargahı"nın məlumatında bildirilir.
Erməni mətbuatı qondarma “Artsax”ın sonuncu başçısının "bəzi mühüm məsələlərlə bağlı" Nikol Paşinyanın görüşmək istədiyini, lakin onun baş nazirin qəbuluna düşə bilmədiyini də yazır. “Hraparak” qəzetinin yaydığı məlumatda qeyd edilir ki, Şahramanyan iki həftəyə yaxındır ki, Nikol Paşinyanın qəbulunu gözləyir, amma baş nazir hələ ki ona reaksiya verməyib.
Məlumatlara görə, Şahramanyan mövcud vəziyyət və gələcəklə bağlı mövqeyini ictimaiyyətə açıqlamazdan əvvəl Paşinyanla bəzi məsələlərə aydınlıq gətirmək istəyir. Paşinyan isə görüşü gecikdirir.
Elxan SALAHOV