“Vətən səsi” xəbər verir ki, Ermənistanın Qarabağı işğal etməsindən və 1 milyon azərbaycanlının didərgin düşməsindən sonra Aİ-nin bu haqsızlığa və ədalətsizliyə niyə 30 il səssiz qaldığının sorğulanması Mişelin özü üçün də gözlənilməz olub. O, jurnalistin bu sualı qarşısında aciz qalıb və konkret cavab verə bilməyib.
Sualın əsas hissəsindən yayınan Mişel hazırkı mərhələdə Avropa İttifaqının qərəzsiz vasitəçi olduğunu söyləyib. O, qeyd edib ki, təmsil etdiyi təşkilatın məqsədinin Cənibi Qafqaz bölgəsində, xüsusilə Azərbaycanın Qarabağ regionunda rifahı, sabitliyi və təhlükəsizliyi təmin etməkdir.
Aİ-nin Azərbaycan və Ermənistan arasında vasitəçiliyə 3 il əvvəl başladığını deyən Mişel əlaqələrin qurulması, minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim edilməsi və məhbusların mübadiləsi məsələlərində irəliləyişə nail olunduğunu deyib. O, həmçinin Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi üçün birgə komissiyaların yaradılmasını da Aİ-nin vasitəçilik missiyasının uğuru kimi qiymətləndirib.
“Biz vasitəçilik missiyasında çox səmimi və dürüst davranırıq. Həm də başa düşürük ki, daha çox diplomatik səylərə ehtiyac var. Bu görüş də həmin məqsədlərə xidmət edir. Ona görə də bu gün Ermənistan baş naziri ilə görüşdük, - deyə Aİ Şurasının sədri azərbaycanlı jurnalistin sualına cavabını yekunlaşdırıb.
Elxan SALAHOV