Bu sözləri açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, qərb və erməni mediasında son zamanlar Xankəndi və ətraf ərazilərlə bağlı heç də həqiqətə uyğun olmayan xəbərlər yayımlanır.
"Guya ermənilərin ərazidən sıxışdırılaraq çıxarılması və s. tipli xəbərlər tamamilə uydurma və heç bir əsas yoxdur. Bunu ermənilərin özləri də etiraf edir. Qarabağı tərk edən ermənilərin hər biri ərazini öz xoşları ilə tərk etdiklərini, onlara heç bir təzyiq göstərilmədiyini əksinə azərbaycanlıların onlara yardım etdiklərini, su və qida ilə köməklik göstərdiklərini etiraf edirlər. Bununla bağlı həm yerli, həm də xarici media nümayəndələri tərəfindən hazırlanmış onlarla sujetlər var.
Təbiki, bir sıra qərəzli dairələr və onların əlaltısı olan xarici media orqanları bu faktları görməzdən gəlir. Reallıq isə tamamilə fərqlidir. Azərbaycan Qarabağ ermənilərinin nümayəndələri ilə müzakirələr aparır, onların zəruri ehtiyacları operativ şəkildə təmin olunur, digər bütün zəruri addımlar da dövlətimiz tərəfindən atılır", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev onu da qeyd edib ki, ermənilərin Qarabağı tərk etməsinin bir neçə səbəbi var.
"İlk növbədə qeyd etmək lazımdı ki, Qarabağı tərk edən ermənilərin əksəriyyəti heç də oranın daimi sakinləri deyil. Bunların bir çox qismi sonradan həmin ərazilərə köçənlərdir ki, onların arasında hərbçi ailələri, xaricdən gələnlər, biznes məqsədilə həmin əraziyə gələnlər və s. qruplardan olanlardır".
A.Qarayev bildirib ki, qondarma qurumun ləğv olunması uzun illər ərzində davam edən erməni ideyasının məhv olması deməkdir.
"Məhz bu səbəbdən də bir sıra radikallar ermənilər və onların havadarları onlar üçün acı olan bu reallığı qəbul edə bilmir. Amma bu fakt dəyişilməz olaraq qalacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə yeni reallıqlar yaradaraq işğal altında olan ərazilərini azad etdi, artıq 2023-cü ildə isə Azərbaycan öz ərazi suverenliyini tam təmin etdi. Bu gün əminliklə deyə bilərik ki, Azərbacyan ərazisində separtizmin kökü kəsildi, heç bir "boz" zona mövcud deyil!", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev qeyd edib ki, bundan sonrakı mərhələdə bölgənin sülh və firavan dövrü başlayacaq. Azərbaycan xalqı qurub-yaradan bir xalqdır.
"Biz bunu azad olunmuş ərazilərin bərpası prosesində bütün dünyaya sərgiləyirik. Ermənilər də, digərləri də bunu görürdülər. İndi isə digər ərazilərimizdə də bu proses aparılacaq. Azərbaycanın qanunları altında bu firavanlıq içərisində yaşamaq istəyən ermənilərə də heç bir məhdudiyyət qoyulmayıb. Onlar da təhlükəsiz, yüksək rifah içərisində, Azərbaycan bayrağı altında yaşaya bilərlər. Yalnız bu yolla uzun illərdir separatçıların əlində oyuncağa çevrilən erməni sakinlər indi rahat, sülh şəraitində yaşaya bilərlər"- deyə A.Qarayev əlavə edib. (Trend)