Bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın enerji ehtiyatlarının ixracı istiqamətində həyata keçirilən layihələrdən danışarkən bildirib.
Dövlətimizin başçısı deyib ki, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Bundan bir il əvvəl - 2006-cı ildə isə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri tikildi.
“Bu, neftin beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə idi. Həmin vaxtdan etibarən, Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə ki, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında bacarığımızın təzahürüdür. Həmçinin bu layihələr çox mürəkkəb siyasi mühitdə həyata keçirilmişdir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.