22.11.2024, 05:16
AZ EN
21.11.2022, 14:05 230

Qarabağda ermənilər tərəfindən dağıdılmış kilsə haqqında film Brüsseldə nümayiş etdirilib

XƏBƏRLƏR
  • Brüsseldə “Erməni separatçılarının Qarabağdakı məbədlərlə müharibəsi” filmi nümayiş etdirilib. CBC telekanalı tərəfindən bir il bundan əvvəl çəkilmiş filmdə Azərbaycanın Xocavənd rayonunda yerləşən və erməni işğalı illərində dağıdılmış Rus pravoslav kilsəsindən bəhs edilir.

Filmdə Azərbaycanın çoxsaylı mədəni və dini abidələrinin dağıdılması, habelə ölkəmizdə multikulturalizmin səviyyəsi barədə məlumat təqdim edilib. Filmin müəllifi CBC kanalının aparıcısı, Azərbaycan Rus İcması sədrinin müavini Anastasiya Lavrina artıq ikinci dəfədir ki, bu filmi Avropa auditoriyasına təqdim edir. Bu il iyun ayında həmin film Parisdə nümayiş etdirilib.

Anastasiya Lavrinanın sözlərinə görə, onun əsas məqsədi çoxillik erməni işğalının nəticələri barədə informasiyanı dünya ictimaiyyətinə çatdırmaqdır. Filmin müəllifi deyib: “Bütün bu illər ərzində Ermənistanda Azərbaycan ilə münaqişəni guya müsəlmanların xristianlara qarşı döyüşdüyü dinlərarası münaqişə kimi təqdim etməyə çalışıblar. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı çoxillik işğaldan azad edəndən sonra bütün dünya Azərbaycan ərazisində törədilmiş dağıntıların miqyasını gördü. Ermənistan təkcə müsəlman məscidlərini deyil, Xocavənddəki Rus pravoslav kilsəsini də dağıdıb. Bu, əsl barbarlıqdır və bütün dünya bunu bilməlidir”.

Anastasiya Lavrina auditoriya qarşısında çıxışında onu da qeyd edib ki, Azərbaycanda çoxlu etnik qruplar mövcuddur. Onların hərəsinin özünəməxsus xüsusiyyətləri var, lakin xalq vəhdətdədir və Vətəni müdafiə etməyə həmişə hazırdır.

Film Belçikada yerləşən “Sustainable Value Hub” təşkilatının təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilati dəstəyi ilə nümayiş etdirilib. Tədbirdə Avropanın tanınmış siyasi xadimləri, Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov, Brüsseldə akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, ekspertlər, bir sıra təşkilatların nümayəndələri, habelə Azərbaycan diasporunun üzvləri iştirak ediblər. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR