Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Vladimir Putinin Qarabağ məsələsi, həmçinin Rusiya-Ermənistan münasibətləri ilə bağlı çıxışı Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyinə möhürünü vurmuş oldu. V.Putin açıqlamalarıyla Ermənistan rəhbərliyini fakt qarşısında qoydu. Bu gün Ermənistanın Rusiyanı inkar edən davranışlarını göstərməsi fonunda Rusiya artıq kartları ortaya qoymaqla göstərdi ki, Ermənistanın məğlubiyyətinin kökündə dayanan amillərdən biri məhz Ermənistanın özünün savadsız davranışlarıdır. V.Putinin açıqlamaları Ermənistan mifini yerlə-yeksan etdi.
“Bütövlükdə Rusiya prezidentinin çıxışının təhlilini aparsaq, açıq şəkildə deyə bilərik ki, bu çıxış Ermənistanda bəzi dairələrin arxalandığı Rusiyanın köməyi mifini yerlə-yeksan etdi. Necə ki, Kollektiv Təhlükəsizlik müqaviləsi təsisatıyla bağlı mif yerlə yeksan olmuşdu, erməni diasporu ilə bağlı mif yerlə-yeksan olmuşdu, güclü “erməni ordusu” böyük erməni generallarıyla bağlı, ohanyan səddi ilə bağlı miflər darmadağın olmuşdu, eləcə də Ermənistana Rusiyanın köməyi ilə bağlı miflər də darmadağın oldu. əlbəttə ki, bu, Ermənistan hakimiyyəti üçün sadəcə məğlubiyyət seriyasından biridir”. Bunu millət vəkili Bəhruz Məhərrəmov RealTV-yə açıqlamasında bildirib.
Ermənistan şouları fonunda ardıcıl məğlubiyyətlərini yaşayır. Burda ilk amil Azərbaycan Prezidentinin qətiyyətli, davamlı və beynəlxalq hüquqa əsaslanan mövqeyidi. Bu mövqe Azərbaycanın siyasi səhnədə gücünü artırır. Həmçinin günü-gündən inkişaf edən hərbi gücümüz artıq bölgədə geri dönülməz bir mövqe yaradıb.
“İndiyə qədər Ermənistan Rusiyanın hesabına və yaxud da, digər havadarlarının hesabına nələrsə edəcəyinə arxayın idisə, Rusiya prezidenti bu məsələdə özünün son mövqeyini ifadə etdi. Artıq Ermənistan çox çətin bir durumdadır. Artıq Ermənistan hakimiyyəti erməni xalqına cavab vermək ərəfəsindədir. Amma nə olur-olsun istənilən halda Ermənistan hakimiyyətinin dəyişməsi, Rusiya meyilli hansı şəxsin hakimiyyətə gətirilməsi və yaxud da Paşinyanın hakimiyyətini davam etdirməsi bunlar Ermənistanın daxili məsələsidir. Əsas olan istənilən halda, istənilən şəraitdə Azərbaycan Prezidentinin müəllifi olduğu regional reallığın dəyişməyəcəyidir”, - deyə deputat vurğulayıb.
Artıq Ermənistanın və Paşinyanın arxalana, istəyinə uyğun reaksiya alacağı yer qalmayıb. Yolun sonu isə görünməkdədir.
Hazırladı: Tahirə AĞAMİRZƏ