19.10.2024, 14:24
AZ EN
30.05.2022, 16:00 142

DSX: Sərhəddə Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan hərbiçisinin yaralanması məlumatı həqiqətə uyğun deyil

XƏBƏRLƏR
  • Mayın 28-də Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun ağır yaralanması barədə məlumatlar yayılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

DSX bununla əlaqədar rəsmi olaraq bildirir ki, bu məlumatlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir.

Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (Ermənistan Respublikasının Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonunun Razdərə kəndi) dövlət sərhədinin müdafiəsi və mühafizəsini həyata keçirən bölmələrimiz tərəfindən həmin gün ərzində Ermənistan Respublikası ərazisi istiqamətində ümumiyyətlə atəş açılmayıb.

Eyni zamanda, bölmələrimiz tərəfindən həyata keçirilmiş müşahidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislokasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də isə daha iki ədəd atəş səslərinin eşidilməsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təxliyə edilməsi qeydə alınıb.

Həmin vaxt həyata keçirilmiş müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçilərinin öz aralarında baş verdiyini göstərir.

DSX Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq silahlı qüvvələrində ölümlə nəticələnən intizamsızlıq hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat verməyi tövsiyə edir.

Oxşar xəbərlər