Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Aİ arasında münasibətlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.
C.Bayramov Azərbaycan Aİ arasında çoxşaxəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edərək, bu xüsusda bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələrdə münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Azərbaycan və Aİ arasında imzalanması nəzərdə tutulan yeni hərtərəfli saziş layihəsinin əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynaya biləcəyi diqqətə çatdırılıb.
Özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu sahədə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb.
Bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda bölgədə bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının prosesə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib.
Nazir, həmçinin post-münaqişə mərhələsində bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (Report)