22.11.2024, 22:08
AZ EN
03.09.2023, 16:35 194

Politoloq: Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir” ifadəsi Kremlin oyunlarını pozmuşdu, durumu dəyişmək istəyirlər

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrın 2-də “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanlayaraq Azərbaycan Respublikasına qarşı ərazi iddiası irəli sürməsi erməni siyasətçilər üçün xarakterik xüsusiyyətdir.

Bunu açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Politoloq deyib ki, Paşinyanın əvvəlki bəyanatlarının üzərində durmayacağı bəlli idi: “Məhz buna görə də rəsmi Bakı Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında, sərhədlərin delimitasiya və demarkasiyasında son dərəcə maraqlı idi. Bilirdik ki, ermənilər sülhdə maraqlı deyillər və prosesi pozacaqlar. Təəssüf ki, gözləntilərimiz özünü doğrultdu. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dedikləri onun ikiüzlülüyünü aydın göstərir. Paşinyanın Azərbaycanı etnik təmizləmədə ittiham etməsi ikrah hissi doğurur. Yüz minlərlə azərbaycanlını Ermənistandan və Qarabağdan qovan, monoetnik dövlət yaradan Ermənistanın humanitar məsələlərdən və insan hüquqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur. Ermənistan bu gün də azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasına imkan vermir. O cümlədən Xankəndi, Xocalı, Kərkicahan, Meşəli, Qaradağlı kimi yaşayış məskənlərindən qovulmuş azərbaycanlılar da bu gün yurd həsrətindədirlər”.

Ramiz Alıyev bu gün Ermənistanda anti-Azərbaycan əhval-ruhiyyəsinin daha da gücləndiyini nəzərə çatdırıb: “Paşinyan revanşist qüvvələrə məğlub olaraq, siyasi mövqeyində geri çəkildi. Ermənistanda və Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilərdə gedən proseslər və son dəyişikliklər Koçaryan-Sarkisyan xəttinin gücləndiyini və onlara bağlı qruplaşmaların aktivləşərək mövqelər əldə etdiyini göstərir. Aydındır ki, Araik Arutunyan Koçaryan-Sarkisyan qruplaşmasına bağlı fiqur olsa da, zəif şəxs idi və revanşistlərin onun qarşısına qoyduğu tələbləri tam yerinə yetirə bilmirdi. Müşahidələr göstərir ki, Xankəndidə daha radikal mövqeli, terrorçu düşüncəli qüvvələr “hakimiyyəti” ələ alırlar. Onlar Arkadi Qukasyan və Bako Saakyan kimi radikalların xəttini davam etdirməyə çalışırlar. Hesab edirəm ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyü barədə əvvəlki mövqeyindən geri çəkilməsində məhz həmin radikal xəttin basqıları rol oynadı”.

Politoloq qeyd edib ki, Ermənistan və Qarabağdakı revanşist qüvvələr Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Brüssel prosesinin inkişafına mane olur: “Bu qrup hazırkı gərginliyin səbəbkarıdır. Onlar Ağdam-Xankəndi yolunun açılmasına qarşı çıxırlar, Qarabağ ermənilərinin reinteqrasiyasına əngəl yaradırlar. Bunun fonunda Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair sənədi imzalamaqdan boyun qaçırır. Belə çıxır ki, o, bu bəyanatları beynəlxalq ictimaiyyəti aldatmaq üçün verib. Paşinyan hələ 44 günlük Vətən müharibəsindən öncə “Qarabağ Ermənistandır və nöqtə” demişdir. Bu ifadə bütün Ermənistana baha başa gəldi. Görünür, Paşinyan növbəti dəfə bizim səbrimizi sınamaq istəyir. Paşinyanın sonuncu açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bütün dünya Qarabağı Azərbaycanın tarixi və suveren ərazisi kimi tanıyır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yalnız ölkəmizin vətəndaşlığını qəbul edəcək şəxslər yaşayacaqlar. Rəsmi Bakının bununla bağlı mövqeyi aydındır. Bizim şərtlərimizi qəbul etməyənlərin, öz qayda-qanunları ilə yaşamaq istəyənlərin üzünə Laçın keçid məntəqəsi birtərəfli qaydada açıqdır. Gedib Ermənistanda, Fransada özlərinə bir neçə dövlət yaratsınlar”.

Ramiz Alıyev hesab edir ki, Ermənistanda və Xankəndidə baş verən xoşagəlməz hallar Azərbaycanın anti-terror əməliyyatı keçirməsini zəruri edir: “Ermənistanın beynəlxalq müstəvidə Azərbaycana qarşı apardığı yalan siyasəti, təxribatları iflasa uğrayıb. Onlar indi çıxış yolunu ölkəmizə qarşı sərhəddə təxribatlar törətməkdə görürlər. Xüsusilə Koçaryan-Sarkisyan qruplaşması Rusiyaya arxalanaraq mövqelərini gücləndirirlər. Baş verənlər həm də Rusiyanın regiona yeni oyun qaydaları gətirmək cəhdi kimi izah oluna bilər. Müşahidələr göstərir ki, Rusiya Paşinyan və komandasını hakimiyyətdə görmək istəmir. Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir” ifadəsi Moskvada məyusluq yaratmışdı və Kremlin Cənubi Qafqazdakı oyunlarını pozmuşdu. Onlar indi bölgədə gərginlik yaradaraq durumu öz xeyirlərinə dəyişmək istəyirlər. Təbii ki, Azərbaycan dövləti, Ordumuz bir daha Qarabağda separatizmin, işğalçılıq siyasətinin baş qaldırmasına imkan verməyəcək”. (APA)

Oxşar xəbərlər