22.11.2024, 10:07
AZ EN
01.09.2023, 21:27 283

Bir qrup etnik erməninin Tbilisidə Azərbaycan əleyhinə aksiya keçirmək niyyəti Gürcüstanda qarışıqlıq yaratmağa xidmət edir

XƏBƏRLƏR
  • Gürcüstanda yaşayan və əsasən bu ölkənin vətəndaşları olan bir qrup etnik erməninin “Qarabağda yaşayan ermənilərə dəstək” adı altında sentyabrın 2-də Tbilisi şəhərinin Avlabari məhəlləsində aksiya keçirmək barədə çağırışları bulanlıq suda balıq tutmağa bənzəyir və ölkədə qarışıqlıq yaratmağa xidmət edir.

Bu sözləri müsahibəsində Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov söyləyib.

Onun sözlərinə görə, Gürcüstan dövləti özü separatizmdən əziyyət çəkdiyi üçün separatizmi dəstəkləyən heç bir aksiyaya dövlət icazə verməz. Gürcüstan dövləti yaxşı bilir ki, Qarabağı “dırnaqarası respublika” adlandırmağa çalışan həmin separatist qurum işğal altında olan Çxinvali və Abxaziya bölgəsini dövlət kimi tanımışdır. Gürcüstan dövləti çox gözəl bilir ki, adıçəkilən hər iki bölgənin işğalı dövründə, xüsusən də Abxaziyada Gürcüstan milli ordusuna qarşı vuruşan “Baqramyan batalyonu” adlanan qurum da məhz separatçı etnik ermənilərdən ibarət idi.

O deyib: “Bizim dövlətimiz də Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Gürcüstan vətəndaşı olan etnik ermənilər bilməlidirlər ki, Baş nazir İrakli Qaribaşvili dəfələrlə Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarının Tbilisidə keçirilməsini təklif etmişdir. Sülh danışıqlarının keçirilməsi üçün paytaxt Tbilisi dünyada ən uyğun, ən gözəl yer kimi tanınır. Tbilisidə etnik separatizmi dəstəkləyən aksiyalar deyil, sülh danışıqları ola bilər”.

GAK sədri etnik ermənilərin nəzərinə çatdırır ki, qardaş Azərbaycanın 20 faiz ərazisini öz xarici havadarları ilə birlikdə 30 il bundan əvvəl işğala başladıqları zaman həmin bölgələrdə Azərbaycan xalqına qarşı bəşəriyyətə qarşı törədilməsi mümkün olan və ya bütün beynəlxalq qanunlarla qadağan olan cinayətlər, vandallıq, soyqırımı törədilmişlər. O dövrlərdə ermənilər tərəfindən kütləvi şəkildə azərbaycanlı körpə uşaqlar, hamilə qadınlar və qocalar vəhşicəsinə, xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Həmin dövrdə erməni cəlladları tərəfindən əsir götürülmüş çoxlu sayda azərbaycanlının taleyi haqqında bu gün də heç bir məlumat yoxdur.

“Həmin separatçılara xatırlatmaq istərdik ki, 44 günlük Vətən müharibəsi dövründə heç bir yaşayış məntəqəsi, nə də heç bir erməni mülki vətəndaşı Azərbaycan Ordusu tərəfindən atəşə tutulmayıb, təcavüzə uğramayıb. Azərbaycan Ordusunun tək bir hədəfi doğma torpaqlarını işğal altda saxlayan, özünü “yenilməz ordu” adlandıran əsgəri qüvvələri və hərbi texnikaları məhv etmək və öz torpaqlarını azad etmək idi”, – deyə H.Yusubov vurğulayıb.

GAK sədri Ermənistanın özünün belə Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bir daha Gürcüstan vətəndaşları olan etnik ermənilərin nəzərinə çatdıraraq deyib: “Rəsmi İrəvan Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır. Ermənistan heç vaxt dırnaqarası “Qarabağ respublikasını” tanımayıb. Ona görə də biz hesab edirik ki, siz yerli separatçıların Tbilisidə guya dəstək aksiyası keçirmək niyyətiniz bulanıq suda balıq tutmaqdan başqa bir şey deyildir. Heç kim Gürcüstanda separatizmi dəstəkləyə bilməz. Bizim dövlətimiz buna imkan verməyəcək.

Bir çox qüvvələr çalışırlar ki, Gürcüstanı bölgədəki mövcud olan münaqişələrə tərəf kimi qatsınlar və ya poliqona çevirsinlər. İnanırıq ki, dövlətimiz həmişə ən ağıllı qərarları qəbul edəcək və buna imkan verməyəcək”. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR