Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
“Ona görə də dialoqdan, təmaslardan imtina edilməsi, yolun açılmasından imtina edilməsi tamamilə qeyri-konstruktiv, aqressiv siyasətin təzahürüdür. Təkrar qeyd etmək istəyirəm ki, bunun məsuliyyəti özünü qondarma rejimin nümayəndələri kimi təqdim edən şəxslərin, həmçinin Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki burada Ermənistanın da bilavasitə məsuliyyəti var. Ermənistan özünü bu məsuliyyətdən gizlədə bilməz. Qondarma rejimin bu gün saxlanılması Ermənistanın dövlət büdcəsi vasitəsilə həyata keçirilir. Bu məqsədlərlə 360 milyon dollardan artıq vəsait xərclənir. Ermənistan Silahlı Qüvvələrinin elementləri hələ də Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirir. Həmçinin, qondarma rejimin də silahlı qüvvələrinin həmin ərazidə mövcudluğu var. Bu da regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq almaqdadır. Onlar hələ də ərazilərin minalanması prosesini davam etdirirlər, bunlar da Azərbaycan üçün qəbuledilməz faktlardır. Ermənistanın bu kimi əməllər Azərbaycanın daxili işlərinə qarışmaq və regional sülh və təhlükəsizliyi pozmaq, həmçinin iki ölkə arasında sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə çox ciddi bir zərbədir”, - o əlavə edib. (APA)