Bunu Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib.
“Azərbaycan və Özbəkistan xalqları arasında bu dostluq münasibətləri zamanın sınağından keçərək Heydər Əliyev və Şərəf Rəşidov dövründə daha da yüksək səviyyəyə çatdırılıb, belə ki hər iki dövlət xadiminin dostluq münasibətləri olub.
Əminliklə deyə bilərəm ki, müasir dövrdə hər iki ölkə liderlərinin siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında münasibətlər də inkişaf etdirilib, yeni səviyyəyə çatdırılıb”, - nazir bildirib.
“Azərbaycanda 1-4 avqust tarixlərində Özbəkistan Mədəniyyət Günləri təşkil edilib. Müxtəlif tədbirlər, sərgilər keçirilib və Azərbaycan xalqının Özbəkistan mədəniyyətinə böyük marağının şahidi olduq. Özbəkistanda Azərbaycan mədəniyyəti, mahnıları çox sevilir. Ölkəmizdə hər bir şənlikdə Azərbaycan mahnıları səsləndirilir”, - Nazarbekov qeyd edib.
Nazir deyib ki, bu gün ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün Mədəniyyət Nazirlikləri arasında kifayət qədər geniş sənədlər paketi imzalanıb.
“Bu sənədlər incəsənətin bir çox sahələrini, kino, teatr, ədəbiyyat, muzey kimi sahələri əhatə edir və ölkələrimiz arasında əlaqələri yeni səviyyəyə qaldıracaq”, - deyə o bildirib.
Nazarbekov Azərbaycan xalqının Füzulidə məktəb açılışına isti münasibətini vurğulayıb:
“Füzulidə məktəb açılışına qardaş Azərbaycan xalqının isti münasibətini görürük. Bu cür işlərin görülməsi də öz növbəsində ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsində rol oynayacaq.
Bildiyimiz kimi, Azərbaycan və Özbəkistanın görkəmli şəxsiyyətləri olub. Bu məktəb də Nizami Gəncəvilər, Füzulilər, Əlişir Nəvailər yetişdirəcək”. (APA)