Təhlükəsizlik Şurası iclasında Ermənistan və onun Qarabağdakı separatçı dəstəsi təkləndi
“Vətən səsi” bildirir ki, Ermənistan və onun Qarabağdakı separatçı dəstəsinin gözləntilərinin əksinə olaraq Təhlükəsizlik Şurasının dünənki iclasında heç bir qərar, hansısa sənəd qəbul olunmadı. Əksinə, ABŞ, Rusiya, Çin, Yaponiya, Türkiyə nümayəndələrinin BMT-dəki çıxışları Ermənistan və havadarları üçün çox mühüm mesaj oldu. Adı çəkilən ölkələrin BMT-dəki nümayəndələri Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəklədilər və bəyan etdilər ki, istər Laçın yolundan istifadə, istərsə də separatıların digər qanunsuz tələbləri ilə bağlı məsələlər ərazi bütövlüyü prinsipləri çərçivəsində həll edilməlidir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski isə çıxışında Ermənistanı üzərinə götürdüyü öhdəlikləri, o cümlədən Laçın yoluna alternativ Ağdam-Xankəndi yolunun açılması ilə bağlı razılaşmaları pozmaqda günahlandırıb: “İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar zamanı biz gərginliyin azaldılması üçün real kompromis həll yollarını təklif etdik və bu, tərəflər tərəfindən nəzərə alındı. Söhbət mülki və qeyri-hərbi malların daşınması üçün Ağdam və Laçın vasitəsilə paralel dəhlizlərin açılmasından gedir. Bu, rəsmi Bakının səlahiyyətli nümayəndələri ilə Qarabağın erməni əhalisi arasında tez bir zamanda birbaşa dialoqun başlanması üçün lazımi ilkin şərtlər yaradacaq”.
Diplomat bildirib ki, Rusiya Federasiyası hər iki tərəfin dəstəyi ilə mövcud böhranın mümkün qədər tez həll edilməsi, eləcə də bütövlükdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün bütün səylərini göstərir: “Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistan baş nazirinin 2020-2022-ci illər üçün bəyanatlar toplusu Bakı və İrəvanın barışması üçün mübahisəsiz yol xəritəsi olaraq qalır”.
Polyanski vurğulayıb ki, üçtərəfli sazişlərin potensialı tükənmək üzrə deyil və əsas komponentlər Rusiyanın ekspert yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonradan demarkasiyası, üçtərəfli işçi qrupun həmsədrliyi çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri tərəfindən Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasına köməklik göstərilməsi, parlamentarilər və ictimaiyyətin nüfuzlu nümayəndələri arasında dialoqun inkişafı, nəqliyyat kommunikasiyalarının blokunun açılmasıdır: “Bu sahələrin hər birində müəyyən irəliləyişlər əldə edilib. Rusiya müvafiq səylər göstərməyə davam etməkdə qərarlıdır. Ermənistan-Azərbaycan barışığı Azərbaycanın hüquqi müstəvisi çərçivəsində hamılıqla tanınmış beynəlxalq prinsiplər əsasında baş tutmalıdır. Bu məntiq Ermənistan və Azərbaycan liderləri arasında 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun olaraq tərəflər tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında dəfələrlə təsdiqlənmiş, son razılaşmalardan irəli gəlir”.
Rusiyanın BMT-dəki nümayəndəsi əlavə edib ki, rəsmi Moskva Qarabağda vəziyyətin normallaşdırılmasında və ümumilikdə Ermənistan-Azərbaycan barışığında maraqlı olan bütün məsuliyyətli oyunçularla işləməyə hazırdır: “Azərbaycan və erməni xalqlarının köklü maraqlarına əsaslanan bu ssenariyə səmimi şəkildə əməl edənlər istənilən geosiyasi və müxtəlif daxili siyasi mülahizələri bir kənara qoymalıdırlar. Biz həmçinin bu kontekstdə Təhlükəsizlik Şurasının platformasından istifadəyə məsuliyyətlə yanaşmağa çağırırıq. İstənilən halda, Bakı ilə İrəvan arasında problemlər həll edilməlidir və heç bir tətbiq edilmiş sxem və həll yolu onların dialoqunu əvəz etməyəcək. Biz öz tərəfimizdən tərəfləri mehriban qonşuluq həllinə yaxınlaşdıraraq, bunu təşviq etməyə davam edəcəyik”.
Elxan SALAHOV