Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ bölgəsində yaşayan erməni əsilli mülki şəxslərin “Laçın” sərhəd buraxılış məntəqəsindən keçməklə Ermənistan respublikasına maneəsiz gediş-gəlişi təmin olunur.
”Vətən səsi” xəbər verir ki, növbəti keçid bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə reallaşıb. Belə ki, Qarabağda yaşayan mülki ermənilərin bir qrupu “Laçın” sərhəd buraxılış məntəqəsindən keçməklə Xankəndi-Gorus istiqamətində hərəkət edib. Bununla bağlı avqustun 8-də çəkilmiş görüntülərdə mülki ermənilərin heç bir maneə ilə üzləşmədən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sənədlərinin yoxlanılaraq yola salınması əks olunur. Sənədlərin yoxlanılma prosesi beynəlxalq hüquq normalarına uyğun çəkildə yerinə yetirildikdən sonra erməni əsilli şəxslər BQXK nümayəndələrinin müşaiyyəti altında qonu ölkəyə - Ermənistan Respublikasının ərazisinə keçir.
Bu, bir daha mülki ermənilərin sərhəd buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir. Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxladığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Xatırladaq ki, üzərində BQXK-nın loqosu olan yük maşınları vasitəsilə Ermənistandan Qarabağa qanunsuz yüklərin daşınması və həmin nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi hallarına görə iyulun 11-dən Ermənistanla dövlət sərhədində yerləşən “Laçın” nəzarət buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmışdı. Bu faktlara görə BQXK-nin Ermənistandakı missiyası yol verdikləri səhvlərini etiraf etdikdən sonra məhdudiyyətlər aradan qaldırılaraq mülki ermənilərin sərbəst gediş-gəlişinə lazımi şərait yaradılıb.
Elxan SALAHOV