Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin özünün sosial şəbəkə hesabında yazıb.
Onun fikrincə, danışıqlar müsbət qiymətləndirilməlidir.
"Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqları asan keçməsə də, faydalı oldu", - o yazıb.
Karasin qeyd edib ki, rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin çətinliklərinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü kontekstində Qarabağın erməniəsilli əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınmaqla, Moskva görüşünü zəruri və vaxtında baş tutan mərhələ hesab etmək olar.
"Tərəflər baş nazirlərin müavinləri səviyyəsində regionda kommunikasiyaların açılması üzrə yaradılmış üçtərəfli işçi qrupun səylərini davam etdirmək barədə razılığa gəliblər", - o vurğulayıb.
Komitə rəhbəri əlavə edib ki, tərəflər birgə səylərlə problemlərin həlli yollarını tapmaq niyyətində olduqlarını nümayiş etdiriblər. Nazirlər politoloqlar və vətəndaş cəmiyyəti arasında əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər. (Report)