22.11.2024, 21:07
AZ EN
22.07.2023, 12:19 138

Xocalı soyqırımının şahidi olan litvalı jurnalist: "Əgər o vaxt beynəlxalq KİV susmasaydı, başqa faciələr də olmazdı"

XƏBƏRLƏR
  • “1992-ci ilin fevralında Xocalı faciəsi, Xocalı soyqırımı baş verəndən sonra ora barmaqla sayıla biləcək qədər insanlar gəldi. Beynəlxalq KİV susurdu”.

Bunu Xocalı qətliamının şahidi olan litvalı jurnalist Riçardas Lapaitis “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlaması zamanı deyib.

Jurnalist faciə baş verən zaman beynəlxalq KİV-in susmayacağı təqdirdə, başqa faciələrin yaşanmayacağına diqqət çəkib.

“Bir gecə içində 600 nəfərdən çox Xocalı sakini, uşaqlar, qadınlar qətlə yetirilib. Mən anlayıram ki, Ermənistan siyasətçiləri tərəfindən çox böyük dezinformasiya var idi. Onlar Xocalı hadisəsini gizlədirdilər. Dünyanın ən nüfuzlu KİV nümayəndələri, BBC, "Reuters" kimi agentliklər ora gəlmədi. Jurnalist əgər söz veribsə və bu işi öhdəsinə götürübsə, heç nədən qorxmamalıdır. Mənim ünvanıma təhdidlər olurdu. Sizə olmuş bir hadisəni danışım: Xocalı hadisəsindən sonra cəmi iki jurnalist var idi. Bir nəfər yerli jurnalist və bir də Litvadan mən. İki nəfər azərbaycanlı qızı gətirdilər, birinin 4, digərinin isə 5 yaşı var idi. Onların paltarları bütün qan içində idi. Qızlar qətlə yetirilmişdi. Ortalığa ölüm sükutu çökdü. Qızların yanında ataları oturmuşdu, o da susurdu. Qızların gicgahından güllə ilə vurmuşdular, onlarda güllə və bıçaq yarası var idi. Bir nəfər yaxınlaşdı və qızların başının altına yastıq qoydu. Mən onun bunu niyə etdiyini soruşanda dedi ki, uşaqlar dəmir stolun üzərində uzanıb, onlara soyuqdur. Halbuki, qızlar öldürülmüşdü. Sonra həmin yeri tərk etdim və düşündüm ki, mən burada təkəm. Özümə söz verdim ki, heç zaman heç bir təhdid qarşısında əyilməyəcəyəm”.

Ricardas Lapaitis jurnalistlərin daima haqq-ədalət üçün mübarizə aparmalı olduqlarını əlavə edib.

“Buradakı KİV nümayəndələri öz ölkələrinə qayıdandan sonra burada gördüklərini dünyaya çatdırmalıdır. Biz burada yolla gedərkən gördük ki, Azərbaycan torpağı nə hala salınıb. Özgəsinin ağrısı deyilən anlayış yoxdur, hamımızın qanı qırmızı rəngdədir, hamımızın bir Tanrısı var. Heç vaxt təxribatlara uymaq lazım deyil. Bura gələn hər kəsin qarşısında baş əyirəm. 30 il bundan qabaq mən ancaq xəyal edə bilərdim ki, mən bura gələcəyəm və çay, kofe içəcəyəm. Hətta bəzi azərbaycanlılar da öz doğma şəhərlərinə dönəcəklərinə inanmırdılar, lakin mən o zaman onlara deyirdim ki, əgər mən buna inanıramsa, da biz o şəhərə qayıdacağıq”.

Litvalı jurnalist Şuşa şəhəri barədə də təəssüratlarını bölüşüb: “Bu gün səhər saat 5-də durmuşam. Bura təkcə qala deyil. Şuşa şəhəri azərbaycanlılar üçün doğmadır, özününküdür. Bura muğamın vətənidir. Bura azərbaycanlıların əcdadlarının vətənidir. Bura dahi şairlərin, yazıçıların, mütəfəkkirlərin vətənidir. Əgər biz haradasa haqsızlığa göz yummasaq, Ukraynada, Baltikyanı ölkələrdə və Avropada da hadisələr baş verməzdi. Kosovoda və digər yerlərdə baş verənləri nəzərdə tuturam. Buna görə də mən ümid edirəm ki, bu gün burada iştirak edən çoxsaylı KİV nümayəndələrinin cəsarəti çatacaq ki, obyektiv şəkildə məlumatları dünyaya çatdırsınlar. Ukraynada baş verənlər də bütün dünyaya çatdırılmalıdır. Qorxursansa, evdə oturmalısan. Azərbaycana davamlı olaraq rifah arzulayıram”. (APA)

Oxşar xəbərlər