19.10.2024, 18:28
AZ EN
08.07.2023, 10:39 224

Ülviyyə Zülfiqar: Qərbi Azərbaycan İcması beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmaqdadır

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş soydaşlarımızın geri qayıtması prosesinə dünya miqyasında dəstəyin verilməsi üçün beynəlxalq təşkilatlara və ayrı-ayrı nüfuzlu fiqurlara müraciətlər etməkdə, məktublar göndərməkdə davam edir.

Bu sözləri Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar söyləyib.

“Bildiyimiz kimi, biz geri qayıdışımızın təmin edilməsi ilə bağlı bir neçə ay əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana da müraciət etmişdik. Lakin təəssüf ki, bu müraciətimizə uyğun olaraq Ermənistan hökuməti hələ ki, dialoq çağırışlarımıza cavab verməyib. Əksinə mətbuatda da gördüyümüz kimi, fundamental insan hüquqları məsələsi olan qayıdış hüququmuza başqa don geydirmə cəhdləri edildi”, - deyə Ülviyyə Zülfiqar vurğulayıb.

O qeyd edib ki, soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı Qərbi Azərbaycan İcması BMT, UNESCO, Avropa İttifaqı, Avropa Şurası və bu təşkilatların alt qurumları kimi beynəlxalq instansiyalara müraciət edib. Məlum olduğu kimi, BMT 4 dəfə - Qayıdış Konsepsiyası da daxil olmaqla Qərbi Azərbaycan İcmasının müraciətlərini öz rəsmi sənədi kimi yayıb. UNESCO və Avropa İttifaqı daxil olmaqla beynəlxalq təşkilatlara edilən müraciətlərimizə geri dönüşlər edilir. AŞPA-da yazılı bəyannaməmiz bu qurumun sənədi kimi yayılır. İcma ABŞ Dövlət katib Antoni Blinken, Roma Papası Fransisk həzrətləri kimi nüfuzlu şəxslərə də məktublar göndərir.

“İcmanın beynəlxalq istiqamətdə apardığı fəaliyyət zamanı göndərilən müraciətlərin, yayılan sənədlərimizin eləcə də aldığımız geri dönüşlərin bir neçə yöndə mühüm əhəmiyyəti var. İlk olaraq bu, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaları ilə bağlı məsələnin nə qədər böyük önəm kəsb etdiyini göstərir.

Həmçinin bu prosesin beynəlxalq miqyasda dəstəklənməsi ilə əhəmiyyətinin artmasının göstəricisidir. Bu, bir daha sübut edir ki, soydaşlarımız insanlıq əleyhinə cinayətlərin qurbanları olublar. Eyni zamanda, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun olaraq öz evlərinə geri qayıdış hüquqlarına malikdirlər və bu haqları təmin olunmalıdır. Digər önəmli məqam isə ondan ibarətdir ki, bir neçə onilliklərdir soydaşlarımızın leqal təmsilçisi olan Qərbi Azərbaycan İcması beynəlxalq miqyasda etibarlı tərəfdaş olaraq qəbul edilməkdədir. Nüfuzlu qurumlar və şəxslər Qərbi Azərbaycan İcmasının soydaşlarımızın haqq səsi ilə bağlı çatdırdığı müraciətlərə reaksiya verir, bu istiqamətdə dialoq və əməkdaşlıq edirlər. Bütün bunlar bir daha sübut edir ki, indiki Ermənistan ərazisindən ötən əsrdə deportasiya edilmiş bütün azərbaycanlılar və onların varisləri təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququna malikdirlər. Onların Qayıdış Konsepsiyasında da qeyd olunan bütün hüquq və imtiyazları təmin olunmalıdır”, - deyə Ülviyyə Zülfiqar əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər