Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat deyib ki, dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa əslində mahiyyətcə demokratik dəyərlərdən çox uzaq düşmüş avtoritar kimliyə transformasiya edib: “Daha doğrusu, koloniyalarında milyonların qanını tökən, günü bu gün də Afrika və Asiyada milli haqları tapdayan, lakin Parisin işıqlı, təntənəli həyatı hesabına saxta kimliyə bürünən Fransanın əsl siması üzə çıxdı. İğtişaşlar göstərdi ki, əslində bu ölkədə insan amilinin heç bir dəyəri yoxdur, fundamental hüquqlar - təhlükəsiz yaşamaq, şəxsi mülkiyyət hüquqlarına, ümumiyyətlə, hörmət qoyulmur. Baxmayaraq ki, Fransa istər müstəqil formada, istərsə də ayrı-ayrı təsisatlar çərçivəsində bu mövzuda həvəslə mühazirələr oxuyur, "yol göstərirdi". Məsələ özünə çatanda isə aydın olur ki, Fransa əslində insan haqlarına münasibətdə ən radikal, ən təcavüzkar subyekt imiş.
İkinci mühüm məqam isə Fransanın hüquq mühafizə sisteminin çürüklüyünün meydana çıxması oldu. Küçələrə çıxan yüz minlərlə nümayişçi əmindir ki, 17 yaşlı gəncin qətli ədalətli araşdırılmır. Bu, ilk növbədə dövlətə, Fransanın məhkəmə-hüquq sisteminə etimadın sıfır səviyyəsi deməkdir. Digər tərəfdən, etirazçılar yekdilliklə hesab edir ki, Fransa dövləti qətlə yetirilən gəncin ərəb əsilli olmasına görə məsələyə laqeyd yanaşır. Yəni dolayısı ilə artıq fransızlar özləri etiraf edir ki, Makron hakimiyyəti qeyri-fransızlara 2-ci, 3-cü dərəcəli kastalar kimi yanaşır.
Üçüncüsü, bəzi gücsüz Afrika və Asiya dövlətləri üzərində kolonial hökmranlıq edən, habelə Qafqazda hegemonluğa çalışan Fransa özü əslində Makronun xidmətləri sayəsində zəif mərkəzi hakimiyyətə və hər an çökə biləcək aciz duruma düşmüş ölü "canlıdır".
Deputat qeyd edib ki, hökumətin yersiz və qeyri-adekvat sərt tədbirləri fonunda etirazçıların sayının hər ötən gün daha da artması və dövlətin iğtişaşlarla paralel müşahidə olunan soyğunçuluq halları qarşısında aciz qalması Parisin düşdüyü qeyd olunan situasiyanın aydın ifadəsidir: “Baxmayaraq ki, Makron Marseldə erməni icması ilə görüşündə terrorçu Papazyana, daşnaklara və "Asala"çılara Xankəndidəki erməni əsilli sakinlərin hüquqlarını qoruyacağını iddia edir, Azərbaycan Prezidentinə təzyiqlərdən dəm vururdu. Bu gün isə ortaya çıxır ki, Makron heç paytaxtının belə təhlükəsizliyini təmin etməyə qadir olmayacaq qədər aciz, qətiyyətsiz biridir. Üstəlik, Fransa od içindəykən Makron konsertlərdən vecsiz foto və videolar paylaşaraq aksiyaçılara açıq hörmətsizlik göstərir, ölkənin vəziyyətinə laqeydliyini iyrənc formada ifadə edir. Bu isə artıq uğursuz Makron erasının sonu demək ola bilər, artıq Fransa siyasi dairələrində etirazların yalnız Fransa Prezidentinin istefasından sonra başa çata biləcəyi ilə bağlı tezislər yayılmaqdadır. Lakin problem burasındadır ki, Makronun istefası belə Fransanı düşdüyü vəziyyətdən çıxarmır. Aydındır ki, Makron rejiminin uğursuz və səbatsız idarəetməsinin ağır nəticələrini fransızlar hələ uzun illər hiss edəcəklər”.
Bəhruz Məhərrəmov qeyd edib ki, yaxın tarixə nəzər salsaq, görərik ki, əslində Fransa özü öz təcavüzkar ssenarisinin qurbanıdır: “Belə ki, istər Paris, istər bir sıra Qərb dövlətləri təqribən 10 il öncə Şimali Afrika və Yaxın Şərqdə, o cümlədən Ərəb yarımadasında “ərəb baharı” adı altında süni inqilab təşkil edərək yaranan boşluqdan imperialist məqsədlər üçün istifadə etmişdi. Amma maraqlıdır ki, dünən "ərəb baharı" təşkil edənlər bu gün isə artıq fransız yayının istisində qovurulurlar. Artıq Avropa özü Fransanın timsalında hər an digər Avropa İttifaqı üzvlərinə də sıçraya biləcək xaos və hərc-mərcliklə üz-üzədir”. (APA)