19.10.2024, 21:24
AZ EN
25.06.2023, 14:23 288

Azərbaycan Ordusu öz qüdrətini real qələbələrlə sübuta yetirib – Ekspert rəyi

XƏBƏRLƏR
  • Beynəlxalq reytinq təşkilatlarının 2020-ci il üzrə hazırladıqları hesabatlarda qeyd edilib ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusunun sırasında yer tutur. Belə yüksək mövqeyi qazanmaq üçün Ordumuz son 10 il müddətində real nəticələr göstərib. 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan istiqamətində aparılan əməliyyatlarda, 2020-ci ildə gerçəkləşdirilən 44 günlük Vətən müharibəsində əldə etdiyi nailiyyətlər Azərbaycan Ordusunun şöhrətini bütün dünyada tanıdıb.

Bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Onun sözlərinə görə, Ordumuzu dünya reytinq təşkilatlarının diqqət mərkəzinə gətirən amillərdən biri də onun hərbi-texniki təchizatı və döyüş hazırlığı vəziyyətidir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev son illər ərzində Ordumuzun ən müasir texnika ilə təmin olunmasını təşkil edib. Təsadüfi deyil ki, pilotsuz uçuş aparatları, dronlarla uğurlu döyüş əməliyyatlarının aparılması və nailiyyətlər qazanılması nümunəsini yaradan ölkələrdən biri də məhz Azərbaycandır. Qırx dörd günlük Vətən müharibəsi modern döyüş texnologiyası, o cümlədən, PUA-larla aparılan savaş kimi dünya hərb tarixinə yazılıb. Eyni zamanda, hərbi mövzuları tədqiq edən ABŞ və Almaniya analitik mərkəzlərinin diqqətini çəkib.

“Ordunun maddi-texniki təminatının artırılması, döyüş bacarıqlarının yüksəldilməsi dövlətimiz üçün prioritet olaraq qalır. Təsadüfi deyil ki, 2023-cü il üzrə dövlət büdcəsində ən böyük xərclər məhz Ordunun təminatına və Qarabağın, Şərqi Zəngəzurun bərpasına ayrılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissəsində keçirilən görüş zamanı söylədiyi nitqindən bəlli olur ki, Azərbaycan Ordusunun modern hərbi texnika ilə təchizatı prosesi davam etdirilir. Son 3 ildə Ordunun strukturlaşması da yenilənib. Yeniliklərdən biri də yüksək döyüş bacarıqlarına və çevik manevr imkanlarına malik olan komando birliklərinin yaradılmasıdır. Bununla yanaşı, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlı qüvvələrinin imkanları artırılıb. Dəniz piyadalarının tərkibi genişləndirilib. Bir sözlə, Azərbaycan Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə təhdid yarada biləcək istənilən məntəqəyə sarsıdıcı zərbələr endirə bilmək gücünə gətirilib.

Azərbaycan Ordusunu üstün mövqeyə çıxaran amillərdən biri də yüksək vətənpərvərlik ruhu, psixoloji hazırlıqdır. Ali Baş Komandan İlham Əliyevin sərgilədiyi hərbi, siyasi, diplomatik bacarıqlar ordu heyətində psixoloji üstünlüyü təmin edir, vətənpərvərlik hissini artırır, onların döyüş ruhunu yüksəldir. Qırx dörd günlük Vətən müharibəsi bu elementləri bir daha üzə çıxardı. Azərbaycan Ordusunun innovativ bacarıqlarla yanaşı, ruh yüksəkliyinə də malik olduğunu təsdiqlədi”, - deyə ekspert bildirib.

O əlavə edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Ordunun güclü, qüdrətli olması təkcə Azərbaycana deyil, bütün dünyaya töhfələr verir. Mənsub olduğumuz regionda - Cənubi Qafqazda sülhü, əmin-amanlığı təmin edir. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qalib gəlməsi, Ermənistan ordusunu darmadağın etməsi, işğalçı ölkəni kapitulyasiya aktını imzalamaq məcburiyyətində qoyması qlobal aspektlərdən də əlamətdardır. Bu Qələbə ATƏT-in Minsk qrupunun vəzifələrinin tamamlanması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi anlamını daşıyır. Həmçinin dünyada separatizm, faşizm və işğalçılıq kimi düşüncələrə ağır zərbə vurdu. Modern hərbi texnika ilə təchizata, yüksək döyüş hazırlığına, çevik manevr imkanlarına malik olan Azərbaycan Silahlı Qüvvələri hazırda istənilən hərbi tapşırığı icra etməyə qadirdir. (AZƏRTAC)

Oxşar xəbərlər