Bu sözləri politoloq Amid Əliyev söyləyib.
O qeyd edib ki, bölgədə artan maraqlardan doğan revanşist qüvvələrin Azərbaycana qarşı təxribat cəhdlərinin qarşısının alınması və eləcə də düşmənə tutarlı cavabın verilməsi məhz peşəkar Ordumuzun göstərdiyi adekvat reaksiya kimi qiymətləndirilir. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra Qarabağda məskunlaşan separatçıların başqa çıxış yolunun olmaması səbəbindən Azərbaycana qarşı təxribatlar və təhdidlərlə müşayiət olunan çıxışların heç bir real qüvvəsi və nəticəsi olmayacaq. Bu gün Azərbaycan Ordusu bölgəyə hərtərəfli şəkildə nəzarəti həyata keçirir.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın xüsusi təyinatlı qüvvələri bir sıra uğurlu əməliyyatlara imza ataraq düşmənə sarsıdıcı zərbələr endirdi. Uyğun olaraq hazırda Ordumuzda məhz bu qoşun növünün artırılması, maddi-texniki təminatının gücləndirilməsi əsas prioritet kimi seçilib. Qarabağ iqtisadi rayonunda məhz komando birliklərinin yerləşdirilməsi milli təhlükəsizliyimizin və gələcəkdə həyata keçiriləcək antiterror əməliyyatlarının operativliyini və uğurlu nəticəsini təmin edəcək.
“Dövlətimizin başçısı öz çıxışında sülh gündəliyini təhdid edən, baş qaldırmış revanşist qüvvələr və Ermənistana havadarlıq röyasında olan siyasi dairələrə də mesajlar verdi. Azərbaycanın bu istiqamətdəki prinsipial mövqeyi heç bir zaman dəyişən deyil. Sülhün bütün şərtləri məlumdur, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb və indi isə bunu kağız üzərində təsdiqləməlidir. Əgər Ermənistan bunu etməsə, nəticəsi erməni cəmiyyəti üçün ağır olacaq. Bu işə mane olmaq istəyən qüvvələrin nələrsə deməsindən və hansı səviyyədə Ermənistana kömək etməsindən asılı olmayaraq, nəticə bir olacaq. Azərbaycan sülhü və təhlükəsizliyi təmin edəcək, sərhədlər müəyyən olunacaq, ərazidəki separatçılar çıxarılacaq və yenə də Dövlət Bayrağımız tarixi ərazilərimizdə dalğalanacaq.
Zəngəzur dəhlizinin açılması yaxın zamanın mövzusudur. Artıq dəmir yol xətlərinin keçəcəyi ərazilər də dəqiq müəyyən olunub. Bu dəhlizin açılması bölgənin iqtisadi xəritəsini tam şəkildə dəyişməklə region dövlətlərinə əlavə dividendlər də verəcək. Buna qarşı çıxmaq istəyən qüvvələrin və siyasi dairələrin isə istəkləri yalnız arzu olaraq qalacaq. Bu gün bölgədə konsulluq açmaq və ya bayraq qaldırmaq istəyən tərəflərin istəkləri, Zəngəzur dəhlizinin açılmasında maraqlı olan super güclərin regional siyasətində cılız və təsirsizdir”, - deyə A.Əliyev vurğulayıb. (AZƏRTAC)