21.09.2024, 21:45
AZ EN
24.06.2023, 07:05 301

Türk deputat: Laçın dəhlizi ilə bağlı məruzə tamamilə birtərəfli qaydada hazırlanıb

XƏBƏRLƏR
  • Avropa Şurası Parlament Assambleyasında bəzi Avropa ölkələrinin nümayəndələri Türkiyə və Azərbaycana qarşı həmişə hər hansı bir tənqidi məruzə hazırlamağa çalışırlar. Onlar demokratiya, insan haqları və ya hər hansı dövlətlər arasında hadisələrlə bağlı sürətli qərarlar verir, məruzə hazırlayırlar. Avropanın burnunun ucunda insanlıq fəlakəti yaşandı. Yunanıstan sahilində gəmi batdı və yüzlərlə insan həyatını itirdi. Heç nə deyilmədi, bu faciədən söz belə açılmadı. Ancaq buna bənzər bir hadisə Türkiyə və ya Azərbaycan sahillərində olsaydı, bu iki ölkəni indi tənqidlərə bürüyərək “linç” etmişdilər.

Bu fikirləri türkiyəli deputat Kamil Aydın söyləyib.

“Laçın dəhlizi ilə bağlı məruzə tamamilə birtərəfli qaydada hazırlanıb, onun reallıqla heç bir əlaqəsi yoxdur. Məruzəçi gedib vəziyyəti görmədən, mətbuatdan aldığı məlumatlar əsasında qərəzli, anti-türk xarakterli məruzə hazırlayıb. Assambleyada Avropa ölkələrinin nümayəndələri çox olduğu üçün məruzə qəbul edilib. Sənədə Laçın dəhlizi Azərbaycan tərəfindən bloklandığı, dərmanların buraxılmaması kimi yalan məlumatlar daxil edilib. Türkiyədə şəffaf və demokratik seçkilər keçirildi. Xalq öz seçimini etdi. Ancaq bütün Qərb mediası Türkiyədəki seçkiləri manipulyasiya etməyə çalışır. Bunu həzm edə bilmirlər”, - deyə K. Aydın AŞPA-dakı qərəzli mövqedən bəhs edib.

O bildirib ki, demokratiya birlikdə, qarşılıqlı hörmət əsasında yaşam tərzidir. Ancaq bir xalqın qərarına hörmət edilmirsə, bu, demokratiya deyil. Türk və Azərbaycan xalqlarının yerinə Qərb qərar verəcəkmi? Fransada keçirilən seçkilərə biz eyni reaksiyanı veririkmi? Xeyr. Yəni, Avropa ölkələrindən də eyni reaksiyanı gözləyirik. Ancaq Qərbin beynində bir fikir var: bizi günahlandırmaq.

K. Aydın qeyd edib ki, hətta Ermənistanın baş naziri N. Paşinyan da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edir, ancaq AŞPA-da “Dağlıq Qarabağ” deyə durublar. BMT-nin qətnamələri var. Qarabağ işğal altında idi, azad edildi. Avropalı deputatlar erməni diasporunun dediklərini təkrarlayırlar.

“Türkiyə və Azərbaycana qarşı çıxışlar davam etdikcə, biz də mübarizəmizi möhkəmləndirəcəyik. Onlar gözləri kor, qulaqları kar olsa belə, biz həqiqəti daha uca səslə deyəcəyik. Biz bir millət olaraq Azərbaycan və Türkiyənin haqq səsini bu Assambleyada yüksəkdən eşitdirəcəyik”, - deyə deputat vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər