Bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində deyib.
"Baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupumuz özünəməxsus münasibətlər formatı işləyib hazırlayıb. Bizim səviyyədə sənəd layihəsi formalaşdırılıb və demək olar ki, tam razılaşdırılıb, baxmayaraq ki, əsas məsələdə: sadə azərbaycanlılarla ermənilər həmişəki kimi sərhədi keçərkən bir-biri ilə necə münasibət quracaqlar, hələ iş görülməlidir", - Overçuk bildirib.
Baş nazirin müavini qeyd edib ki, regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə başlayacaq və bu, tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları müəyyənləşdirir:
"Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə istər Azərbaycanda, istərsə də Ermənistanda yerli qanunvericilik tətbiq olunacaq".
Overçuk vurğulayıb ki, Azərbaycan öz ölkəsinin qərb rayonları ilə Naxçıvan arasında ən qısa zamanda birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır.
"Bundan əlavə, dəmir yolunun İran və Türkiyəyə daha da uzanacağı göz qabağındadır ki, bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək", - Rusiya Baş nazirinin müavini əlavə edib. (Report)