04.02.2025, 13:55
AZ EN
04.05.2023, 15:59 352

Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsi bütövlükdə regionun inkişafına töhfə verəcək

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizi üç müstəvidə önəm kəsb edir: lokal, regional və interkontinental. Əgər qeyd etdiyimiz məqamları daha dəqiq şərh etsək, dəhlizin lokal müstəvidəki əhəmiyyəti yeni nəqliyyat yolunun  keçdiyi hər bir ölkədə yerli inkişafın stimullaşdırıcı faktor kimi təqdim etməsidir. Nəzərə almaq lazımdır ki, yeni  dəhlizin hər üç ölkənin ən zəif inkişaf etmiş bölgələrindən keçməsi, yəni dəhlizin 30 ilə yaxın işğal altında olan və talançılığa məruz qalan Azərbaycanın cənub, qərb rayonları, Ermənistanın ən zəif inkişaf etmiş Sünik bölgəsi və on illiklərdir terrorizmin səbəbi ilə zəif inkişaf edən Türkiyənin şərq vilayətlərini bir-birinə bağlaması hər üç bölgədəki yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcək.

ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Böyük Avrasiya geosiyasətinin formalaşması,  keçmişdən bu günə və gələcəyə” mövzusunda IV Beynəlxalq Konfransda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın qarşısında Qarabağın və Şərqi Zəngəzurun  yenidən qurulması kimi  böyük çağırış və  məsələ dayandığını qeyd etdi. Həmçinin bu proses  Azərbaycanın öz gücü,  öz maliyyəsi hesabına ərsəyə gəlir.

Millət vəkili Tahir Mirkişili “Real” TV-də məsələyə münasibət bildirərkən onu da qeyd edib ki, Azərbaycan öz vəsaitləri hesabına artıq infrastrukturu tamamilə yaratmış bir ölkədir: “Bizə uzun müddət Cənub Qaz Dəhlizi  layihəsində kredit ayırmırdılar, erməni lobbisinin burda çox böyük rolu vardı. Biz Bakı-Tbilisi-Qars dəmir yol layihəsini demək olar ki, öz vəsaitlərimiz hesabına tikmişik. Yəni bu cəhətdən baxsaq, Azərbaycan heç kimi gözləməyərək, heç kimdən kömək ummayaraq, öz layihələrini özü müstəqil şəkildə həyata keçirən ölkədir” .

Zəngəzur dəhlizi regional-siyasi-konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid  yaradır. Bu da İranın  Azərbaycan üzərindəki ən  vacib rıçaqlarından olan  Naxçıvan tranziti məsələsinin təsirini azaldacaq.

Millət vəkili Vüqar Bayramov isə mövzu ilə bağlı fikrini ifadə edərkən bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikasının  quru yolu vasitəsilə birləşdirilməsinə imkan verən bir layihədir: “Bu, həm də Azərbaycanın əsas hissəsində istehsal edilən məhsullarının  Naxçıvan və Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxarılmasını təmin edəcək dəhlizdir. Eyni zamanda, nəzərə alsaq ki, Naxçıvan da istehsal potensialına malikdir, xüsusilə Naxçıvanda son dövrlər aparılan islahatlar, həm də Naxçıvanın istehsal imkanını artıracaq. Naxçıvan da həm istehsal etdiyi məhsulun bir hissəsini Azərbaycanın digər şəhər və rayonlarına çıxarmaq və eyni zamanda istehsal etdiyi məhsulları ixrac etmək niyyətindədir. Bu kontekstdən də  Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi potensialının daha geniş miqyasda  reallaşması baxımından imkanlardır. Amma bütövlükdə Zəngəzur dəhlizi regionun inkişafına xidmət edəcək bir  layihədir. Çünki  nəzərə alsaq ki,  Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsi bütövlükdə regionun inkişafına töhfə verəcək”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər