22.11.2024, 04:19
AZ EN
04.05.2023, 09:45 132

Azərbaycan nümayəndəsinin Baş katibə ünvanladığı məktub BMT-nin sənədi kimi yayılıb

XƏBƏRLƏR
  • Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin qurumun Baş katibi Antonio Quterreşə ünvanladığı növbəti məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Məktubda Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin BMT baş katibinə ünvanladığı Azərbaycana qarşı əsassız ittihamlara faktlarla cavab verilib.

Səfir məktubda Ermənistanda beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasını ortaya qoyan uşaq əsgərlərlə bağlı müfəssəl şəkildə toplanmış məlumatlar təqdim edib. O bildirib ki, uşaqların silahlı qüvvələrə və silahlı qruplaşmalara cəlb edilməsi halları Uşaq Hüquqları Konvensiyasına əsasən Ermənistanın ilkin hesabatı üzrə Uşaq Hüquqları Komitəsinin yekun müşahidələrindəki istinadlar da yer alır. Sözügedən hesabatda bununla bağlı erməni nəşrlərində yer alan məqalələr, həmçinin sosial şəbəkələrdəki paylaşımlara və foto-video materiallara istinad edilir.

Sənəddə qeyd olunub ki, Ermənistan dövlət səviyyəsində terrorizmi dəstəkləmək və ondan istifadə etmək üzrə uzunmüddətli təcrübəyə malikdir. 1980-ci illərin sonlarından başlayaraq Ermənistan və onun rəhbərliyi və nəzarəti altında olan bir sıra terror təşkilatları Azərbaycana qarşı, o cümlədən Bakı şəhərində çoxsaylı terror aktları törədib, minlərlə günahsız vətəndaşı qətlə yetirib. 30 ilə yaxındır ki, Azərbaycanın əvvəllər Ermənistan tərəfindən işğal olunmuş əraziləri ölkəyə sızmış terrorçu, muzdlu və digər silahlı birləşmələrin fəaliyyət ərazisinə çevrilib. 2020-ci ilin payızındakı hərbi əməliyyatlar zamanı Ermənistan Avropa, Yaxın Şərq və Şimali Amerikadan olan xarici terrorçu döyüşçülərə və muzdlulara arxalanıb. Xeyriyyə təşkilatları və qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporu Azərbaycana qarşı təcavüzü dəstəkləmək üçün maddi vəsaitlərin toplanması ilə fəal məşğul olub.

Səfir diqqətə çatdırıb ki, monoetnik Ermənistanda etnik zəmində nifrət və ayrı-seçkilik halları geniş yayılıb, erməni uşaqlara məktəbdə erkən yaşlarından antiazərbaycan stereotipləri öyrədilir. Bu zəmində ölkədə azərbaycanlılara qarşı qəsdən etnik ədavəti qızışdıran etnomillətçi nifrət silahlı qrupları və təşkilatları fəaliyyət göstərir.

"Ermənistan höküməti Beynəlxalq Ədalət Məhkəməsinin qərarına məhəl qoymur və irqçi yarımhərbi təşkilatlara öz ərazisində fəaliyyət göstərməyə, maliyyə vəsaiti toplamağa, açıq şəkildə anti-Azərbaycan nifrəti yaymağa və mülki şəxsləri, o cümlədən uşaqları müharibəyə cəlb etməyə və öyrətməyə şərait yaradır", - diplomat bildirib.

Məktubda qeyd olunub ki, Azərbaycan Ermənistanın yalandan iddia etdiyi kimi qondarma quruma və ya mülki sakinlərə qarşı deyil, Ermənistanın nizami silahlı qüvvələrinə, habelə onun komandanlığı və nəzarəti altında olan, Azərbaycanın o vaxtkı işğal olunmuş ərazilərində yerləşdirilən terrorçu və muzdlu birləşmələrə qarşı döyüşüb.

Y.Əliyev məktubunda yazıb ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri müharibə qaydalarına və qanunlarına ciddi əməl edib, mülki obyektləri və şəxsləri hədəf almayıb: "Ancaq Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozaraq kasset bombaları, ballistik raketlər, idarə olunmayan artilleriya raketləri və iriçaplı artilleriya mərmilərindən istifadə edərək 12-si uşaq və 28-i qadın olmaqla 101 mülki şəxsi qətlə yetirib. Bununla yanaşı Ermənistan silahlı qüvvələri tərəfindən mülki infrastruktur obyektləri, o cümlədən fərdi yaşayış evləri, xəstəxanalar, ilkin tibbi yardım məntəqələri, məktəblər, uşaq bağçaları, dini obyektlər və mədəniyyət abidələri zədələnib və dağıdılıb".

Məktubda 2023-cü il aprelin 10-da əlverişsiz hava şəraitin itkin düşərək Ermənistan ərazisinə keçən və girov götürülən iki Azərbaycan hərbçisi - Aqşin Bəbirov və Hüseyn Axundov barəsində məlumatlar da yer alıb. Qeyd olunub ki, Ermənistan KİV-ləri tərəfindən yayılan görüntülərdə hər iki hərbiçinin qandallı halda vəhşicəsinə döyülməsini əks etdirilib: "Müvafiq beynəlxalq öhdəliklərinə əsasən, Ermənistan hərbçilərimizi dərhal azad etməli, onlara qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftara görə məsuliyyət daşıyanları lazımi qaydada araşdırmalı və cəzalandırmalıdır".

Sənəddə Ermənistanın mina terroru ilə bağlı məlumatlar da yer alıb, qaçqınların və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün beynəlxalq təşkilatdan baş verənlərə hüquqi müstəvidə cavab verilməsi tələb olunub. Bununla yanaşı, sənəddə Laçın-Xankəndi yolunun blokadasına dair Ermənistanın yalanlarına da aydınlıq gətirilib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR