19.09.2024, 05:46
AZ EN
24.04.2023, 19:41 94

Deputat: Azərbaycan dövləti öz ərazisində qeyri-qanuni fəaliyyətlərin qarşısını almaqda qətiyyətlidir

XƏBƏRLƏR
  • Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur. Vətən müharibəsi bitdikdən sonra Ermənistan məhz bu yolda nəzarət-buraxılış məntəqəsinin olmaması səbəbindən milli təhlükəsizliyimizə təhdid yaradan təxribatlar törədib. Bu təhdidlərin qarşısının alınması üçün nəzarət-buraxılış məntəqəsinin olması zərurət idi.

Bunu Milli Məclisin deputatı Sevil Mikayılova söyləyib.

S.Mikayılova İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın özünün dövlət sərhədinin möhkəmləndirilməsi istiqamətində vacib addımlar atdığını bildirərək deyib: "Qeyd etmək lazımdır ki, İranla sərhəddəki Xudafərin qəsəbəsini azad etdikdən sonra Azərbaycan sərhədə tam nəzarət ələ aldı.

Dünən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın özünün dövlət sərhədinə nəzarətin gücləndirilməsi istiqamətində atılmış növbəti addımdır. Müharibədən ötən dövr ərzində Ermənistan Laçın-Xankəndi yolundan Qarabağdakı separatçıları silahlandırmaq və Azərbaycan vətəndaşlarına qarşı müxtəlif təxribatlar törətmək üçün istifadə edirdi. Məhz bu yoldan sui-istifadə hallarının nəticəsidir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyəti olan qeyri-qanuni silahlı birləşmə yaradılıb”.

S.Mikayılova əlavə edib ki, Azərbaycan dövləti bu cür qeyri-qanuni fəaliyyətlərin qarşısını almaqda qətiyyətlidir və Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaqla dövlətimizin bundan sonra da sui-istifadə hallarına yol verməyəcəyini göstərən iradə nümayiş etdirdi.

"Üçtərəfli Bəyanatın imzalanmasından keçən iki il yarım ərzində Laçın yolundan minalar daşınaraq sonradan Azərbaycanın suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlara səbəb olub. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar üçtərəfli Bəyanata zidd olaraq Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Azərbaycan tezliklə Laçın daxil olmaqla, azad edilmiş digər ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışını təmin edəcək. Ermənilərin Laçın yolundan sui-istifadə etmələri vətəndaşlarımız üçün təhlükə yaradır və Azərbaycan, ilk növbədə, öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün çalışır”, - deyə deputat diqqətə çatdırıb.

S.Mikayılovanın sözlərinə görə, əlavə hiddət doğuran məqam odur ki, azərbaycanlı ekofəallar Xankəndi-Şuşa yolunda etiraza başlayanda da erməni təbliğatçıları “guya Xankəndidə humanitar fəlakət yaradılır” kimi saxta iddialar səsləndirirdilər. İndi də erməni tərəfi və onun havadarları eyni təbliğatı həyata keçirirlər. Lakin dövlətimiz uca səslə bəyan edir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. "Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Bayrağını və suverenliyini qəbul edən ermənilər burada qalıb yaşaya bilərlər. Separatizmə meyilli olan şəxslər isə özləri üçün başqa yer tapıb yaşamaq barədə qərar qəbul etməlidirlər", - deyə Sevil Mikayılova fikirlərini yekunlaşdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər