Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarının sözçüsü Piter Stano bildirib.
“Biz sanksiya tətbiq edilmiş məhsulların Aİ-dən üçüncü ölkələrə və üçüncü ölkələrdən Rusiyaya ticarət axınını diqqətlə izləyirik. Ermənistan kontekstində həqiqətən də bəzi anomal ticarət axınlarını müşahidə etmişik. Bu məsələni nəzərdən keçiririk və Ermənistan hakimiyyəti ilə dialoq aparırıq”, - o vurğulayıb.
P.Stano xatırladıb ki, Aİ Ukraynada müharibənin başlaması, BMT Nizamnaməsinin pozulması və hərbi cinayətlərə görə Rusiyaya qarşı bir sıra genişmiqyaslı sanksiyalar tətbiq edib: “Aİ bütün ölkələri bu sanksiyalara qoşulmağa, yerli səviyyədə oxşar tədbirlər görməyə və ya heç olmasa bu sanksiyalardan yayınmağa imkan verməməyə çağırıb. Daha əvvəl qəbul edilən sanksiyalar paketində Aİ sanksiyalardan yayınmağa şərait yaradan fiziki və ya hüquqi şəxslərə qarşı da məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur”.
Xatırladaq ki, ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədlərindən birində qeyd olunub ki, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 %, Avropa İttifaqı ölkələrindən isə 212 % daha çox çip və prosessor idxal edib. (Report)