Müstəqil "Hraparak" qəzetinin əməkdaşı Vahe Makaryan "Ermənistanda dərman mafiyasının fəaliyyətindən nazirin xəbəri yoxdumu" adını verdiyi təhlili məqaləsində yazır ki, ölkənin bütün xəstəxanalarında, xüsusilə onkologiya şöbələrində müalicə olunmaq üçün çoxlu vəsait lazımdır. Belə ki, həkim tərəfindən yazılmış dərmanları əldə etmək həm xeyli vaxt, həm də vəsait tələb edir. Buna səbəb məhz həkimlərin xəstəxanada həmin dərmanların olmamasını öncədən bildirməsi, amma hansısa dostu, tanışı vasitəsilə əldə edəcəyini vəd etməsidir. Əlavə edilir ki, xəstəyə bahalı dərman təyin edilməsi də həmin həkimlərin öz maraqlarını təmin etməkdən irəli gələn haldır. Dərmanların əsasən xaricdən, özü də səhiyyə nazirliyinin müvafiq sertifikatı ilə gətirilməsi və baha satılması işi ilə dərman mafiyası adlanan işbazlar qrupunun məşğul olması barədə dəqiq məlumata malik olduğunu vurğulayan müxbir bunun qarşısının alınması üçün dəfələrlə nazirliyə, şəxsən nazir Anahid Avanesyana təkliflər irəli sürsə də heç bir tədbir görülməyib. Bu mafiyanın nazirliyin özü tərəfindən idarə olunduğunu vurğulayan müəllif onu da bildirib ki, dərman mafiyası iyirmi ildən çoxdur fəaliyyət göstərir, dəyişən isə yalnız mafiyanın başçısı olur.
Nəsib