Bu barədə Ermənistanın ətraf mühit naziri Ambardzum Matevosyan ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Biz Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırıq. Bütün üzv dövlətlər tədbirin tarixləri barədə məlumatlandırılıb. Rəsmi dəvət hələ göndərilməyib, lakin o, yaxın zamanda göndəriləcək. Düşünürəm ki, çox sayda yüksək vəzifəli məmur və nazir iştirak edəcək. Hansı ölkələrin bunu təsdiqləyəcəyi barədə danışmaq hələ tezdir", - nazir qeyd edib.
Onun sözlərinə görə, COP17-də 196 üzv dövlət iştirak edir və dəvət edən tərəf təkcə tədbirə sədrlik edən Ermənistan deyil, həm də BMT-dir. Dəvətnamələr üzv dövlətlərə birgə göndəriləcək: "Biz 196 ölkənin hamısını dəvət edirik. Tədbirin mövzularından biri ümumi ekoloji problemlər üzərində birgə işləməkdir və heç bir ölkə bu işdən kənarda qalmamalıdır. Biz bütün ölkələri və nümayəndə heyətlərini qəbul etməyə hazırıq". (Report)