02.02.2026, 19:01
AZ EN
29.12.2025, 17:33 146

Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranır

XƏBƏRLƏR
  • Azərbaycan istehsalı olan benzinin Ermənistan vətəndaşları üçün iqtisadi baxımdan sərfəli olması səbəbindən yanacaq məntəqələrində növbələr yaranır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri yerli mətbuata müsahibəsində bildirib. O, qeyd edib ki, Ermənistan Azərbaycanla birbaşa ticarət əlaqələrinin qurulmasını müzakirə edir: "İnanıram ki, sülhün institutlaşdırılması istiqamətində və təcrübəyə əsaslanan əməkdaşlıqda nə qədər irəliləsək, cəmiyyətimizdə mövcud olan psixoloji baryerləri kənara qoysaq, bu cür ssenarilər bir o qədər real olacaq".

Mirzoyan onu da bildirib ki, hazırda hökumətin müvafiq strukturları arasında Ermənistanla Azərbaycan arasında birbaşa ticarət münasibərtlərin qurulması imkanları da müzakirə olunur. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin mütün sahələri əhatə etməsi üçün müvafiq tədbirlər görülür: "Sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlar və müxtəlif sahələrdə birgə əməkdaşlıq imkanlarının qurulması və qazanılmış təcrübələrin inkişafı sosial-psixoloji çətinlikləri azaldacaq. Əlaqələrin tədricən inkişaf etdirilməsi həm də birbaşa ticarət kimi ssenariləri daha real edəcək".

Yeri gəlmişkən, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan da İrəvan və Bakı arasında idxal-ixrac əməliyyatlarının yaxın vaxtlarda reallaşa biləcəyini istisna etməyib. O,  jurnalistlərlə açıqlamasında bildirib ki, Ermənistan da bəzi məhsulları Azərbaycana ixrac edə bilər: "Yaxın zamanda təkcə Azərbaycanın Ermənistandan yeni idxal həyata keçirməsi deyil, həm də Ermənistanın Azərbaycana məhsul ixrac etməsi mümkündür. Gürcüstan dəmir yolu ilə kifayət qədər rəqabətli qiymət əldə olunub, imkanlar genişdir. Hesab edirəm ki, yaxın zamanda Gürcüstan və Azərbaycan tərəfi növbəti uğurlu ticarət əməliyyatı barədə açıqlama verəcək, biz də bunu təsdiqləyəcəyik”.

Papoyan deyib ki, aparılan araşdırmalar Ermənistanın hazırda ixrac etdiyi və Azərbaycanın isə idxal etdiyi bir sıra məhsullar üzrə ticarət imkanlarının mövcud olduğunu göstərir. O, mümkün ixrac nomenklaturasına alüminium və alüminium folqa, ferromolibden, canlı heyvanlar, meyvə-tərəvəz, bəzi içkilər və müxtəlif tekstil məhsullarının daxil olduğunu qeyd edib: "Papoyan vurğulayıb ki, iqtisadi əlaqələrin bərpası qarşılıqlı maraqlara uyğundur və bu istiqamətdə praktiki imkanlar mövcuddur".

Xatırladaq ki, bu yaxınlarda iki şirkət vasitəsilə Azərbaycandan Ermənistana neft məhsulları, daha dəqiq desək, benzin idxal edilib. Şirkətlərdən biri Ermənistan Dövlət Gəlirləri Komitəsində hüquqi şəxslərin dövlət reyestrində adı keçən "Shisha World" MMC-dir. 2022-ci ilin dekabr ayında təsis edilən həmin şirkətin səhmləri bütünlüklə Samvel Mkrtçyana məxsusdur.

Bundan əvvəl Azərbaycandan benzin idxal edən şirkətin “Mega Trade” olduğu bildirilirdi. Bu şirkət Ermənistanda hakim "Mülki Müqavilə" partiyasının deputatı Xaçatur Sukiasyanın ailəsinə məxsusdur. Qeyd olunur ki, "Mega Trade" şirkəti Azərbaycandan 600 ton benzin idxal edib. Ümumilikdə isə Azərbaycandan dəmir yolu ilə 22 vaqon premium (Aİ 95) benzin Ermənistana gətirilib. Ermənistan mətbuatının yazdığına görə, Azərbaycandan gətirilmiş benzin Sukiasyanın şirkətinə məxsus "Run Oil" yanacaqdoldurma məntəqələrində litri 430 drama (təxminən 1,9 manat) satılır.

Elxan SALAHOV

Oxşar xəbərlər