“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı partiyaya istinadən məlumat yayıb. Bildirilir ki, İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə “Mülki müqavilə” Partiyasından xaric olunub. Qeyd edilir ki, bu qərar Baş nazir Nikol Paşinyanın bir neçə gün əvvəl parlament rəhbərliyi və hökumət üzvləri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlərdən sonra çıxarılıb.
Xatırladaq ki, Ovik Ağazaryanla təmsil olunduğu partiya arasında fikir ayrılığı hökumət rəhbərliyinin qəzəblədirib. Ermənistanın Avropaya inteqrasiya məsələlərində Rusiyaya münasibətdə ehtiyatlı mövqe tutmağın tərəfdarı kimi çıxış edən Ağazaryanın dedikləri qalmaqla səbəb olub. Bundan sonra Baş nazir deputatı mandatdan imtina etməyə çağırsa da, o,Paşinyanın xahişini rədd edib. Halbuki Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Ovik Ağazaryanın onun tövsiyəsini dinləyərək, mandatından imtina edəcəyinə inandığını söyləmişdi.
Yeri gəlmişkən, Paşinyan həmin müsahibə zamanı digər deputat Narek Zeynalyana da oxşar məsləhətlər vermişdi. O, hər iki deputatı İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Kyaramyanla bağlı qalmaqalda iştirak etməkdə suçlayaraq mandatı təhvil verməyə çağırmışdı.
Elxan SALAHOV