26.12.2024, 16:46
AZ EN
27.11.2024, 21:35 233

Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib

XƏBƏRLƏR
  • Qazaxıstan və Rusiya prezidentləri Kasım-Jomart Tokayev ilə Vladimir Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.

Iki ölkə liderləri Astanada keçirilən danışıqların yekunu üzrə bəyanat imzalayıblar.

Putin mətbuata açıqlamasında qeyd edib ki, bu gün Rusiyanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi təxminən 13 milyard ABŞ dolları həcmindədir.

“Qazaxıstanda Rusiyanın iştirakı ilə 23 mindən çox müəssisə var. Ölkələrimizdən olan şirkətlər sənaye kooperasiyası və yüksək texnologiyalar sahəsində bir sıra birgə iri layihələr həyata keçirir, tam sənaye dövrünün yeni istehsal müəssisələrinin yaradılmasına töhfəsini verir ki, bu da Rusiya və Qazaxıstan iqtisadiyyatlarının hərtərəfli modernləşdirilməsinə və texnoloji suverenliyinin möhkəmləndirilməsinə yardım edir”, - Putin bildirib.

O, həmçinin neft-qaz sahəsində əməkdaşlığa da toxunub.

Eyni zamanda, Putin Rusiyanın Qazaxıstan ərazisi ilə Özbəkistana qaz nəqlini artıracağını vurğulayıb.

Rusiya lideri əlavə edib ki, Moskva və Astana “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Qazaxıstan ərazisindən keçən şərq qolunun genişləndirilməsi və Rusiyanın “Soyuz-5” daşıyıcı raketindən istifadə etməklə Baykonur kosmodromunda “Bayterek” kosmik raket kompleksinin yaradılması üzərində işləyir.

Tokayev öz növbəsində qeyd edib ki, Qazaxıstan ilk dəfə Rusiyanın ən böyük beş ticarət tərəfdaşı sırasına daxil olub, ticarət dövriyyəsi 30 milyard dolları keçə bilər.

Qazaxıstan Prezidenti Rusiyanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğunun açılacağını da vurğulayıb.

Danışıqlar nəticəsində tərəflər arasında təhsil, səhiyyə, dəmir yolu infrastrukturunun inkişafı, neft və neft məhsullarının tədarükü və digər sahələr üzrə 20 saziş imzalanıb. (Report)

Oxşar xəbərlər