"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, Ermənistan hakimiyyəti Xankəndidən İrəvana qaçan separatçıların fəaliyyətinə tamamilə son qoyulması istiqamətində hərəkətə keçib: "Bir neçə həftə əvvəl Ermənistan parlamentinin sədri spiker Alen Simonyan “artsax təmsilçiliyi” məsələsinə yenidən baxmağı təklif etmişdi. Spiker çıxışından sonra onların fəaliyyət göstərdiyi binanın əllərindən alınması məsələsi gündəmə gəlmişdi. Məlumatlara görə, hakimiyyət “artsax” məsələsini tamamilə bağlamaq üçün Samvel Babayanı yenidən oyuna cəlb edib. Hədəf “Qarabağ erməniləri” arasında fikir ayrılığı yaratmaq, sonra isə binanı tamamilə ələ keçirməkdir. Dünən Babayanın 20-ə yaxın tərəfdarı “artsax nümayəndəliyi”nin qarşısında etiraz aksiyası keçirərək, sosial problemlərin həlli üçün “struktur” yaradılmasını tələb ediblər".
Nəşr yazır ki, artıq ləğv edilmiş qondarma "artsax"ın İrəvandakı təmsilçilərinin əsas tələbi Qarabağdan Ermənistana qaçmış ermənilərin sosial problemləri ilə məşğul olacaq “struktura” məhz Samvel Babayanın rəhbərlik etməsidir: "Onlar istəyirlər ki, Samvel Babayan "icmanın" rəhbərliyindən kənarda qalmasın. Digər tələb isə odur ki, Qarabağdan gətirilən və “investisya fonduna” məxsus olan pullar haqqında müntəzəm olaraq hesabat verilsin. Əslində bu, Babayanın “təmsilçiliyi” ələ keçirmək, daha sonra bağlamaq planına xidmət edir”.
Elxan SALAHOV