Kürəkəni Ermənistan parlamentinin sədri, özü Rusiyameyilli "Hraparak" media şirkətlər qrupunun rəhbəri olan "müxalif qaynana" ləqəbli Armine Ohanyanın bu günkü yazısı "Հավայի խօսօղները" (Havayi xosoğner, yəni havayı danışanlar) adlanır və məlumdur ki "havayı" sözü türklərdən oğurlanmış sözdür. Müxalif qaynana yenə də baş nazirin ünvanına özünəxas üslubda tənqidi fikirlər səsləndirib. Baş nazirin və hökumət üzvlərinin çox, amma mənasız, həyata keçirilməsi mümkün olmayan sözlər danışdığına görə onları boşboğaz adlandıran baş yazar təkcə siyasi həyatda deyil, sosial-iqtisadi sahədə də böhranın dərinləşdiyinə diqqət çəkərək vurğulayıb ki, belə bir şəraitdə respublikadakı bütün ali təhsil müəssisələrinin Əştərəyə köçürülməsi üçün layihə hazırlanması ağılsızlıqdır. Sonra isə əlavə edib ki, universitetlərin, elmlər akademiyasının başqa yerə köçürülməsi barədə deyil, təhsilin keyfiyyətinin yüksəldilməsi barədə düşünmək lazımdır. Baş nazirin Qazaxın hələ də işğal altında olan kəndlərinin Ermənistanın xəritəsində olmadığı barədə fikirlərini də "havayı sözlər" adlandıran baş redaktor əlavə edib ki, iqtidarda olduğu 6 il ərzində danışdıqlarına görə "yalançı, kapitulyant, torpaq satan, türkdən daha çox türk" ləqəbi qazanan Nikol Paşinyan istefa verməsə, vətəndaş qarşıdurması labüddür. O, Qarabağdan könüllü köçənlərin isə bu qarşıdurmada sabit sosial baza olduqlarını xüsusi vurğulayıb.
N.Qaramanlı