"Hraparak"ın müxbiri Lia Sarkisyan yazıb ki, bu gün Göyçənin Kəvər- Basarkeçər rayonlarını birləşdirən magistral yol orada məskunlaşmış kəndlilər tərəfindən bir neçə saatlığa kəsilərək bağlı qalıb. Onlar bildiriblər ki, payızda yığdıqları kartof, kələm, soğan və s. kənd təsərrüfatı məhsullarını bölgədən kənara aparıb sata bilmirlər. Bu barədə hakimiyyət nümayəndələrinə dəfələrlə müraciət olunsa da məsələ həllini tapmayıb.
Hadisə yerində olan "Hayastan" fraksiyasının üzvü Arman Qazaryan jurnalistə bildirib ki, kəndlilər gərgin zəhmətlə becərdiyi məhsulları məhz hakimiyyətin laqeydliyinə görə bazara çıxara bilmir. Səbəbini soruşduqda isə müxtəlif bəhanələr gətirirlər, hətta deyirlər ki, Azərbaycan əsgərlərinin qəfil hücumuna məruz qala bilərsiniz. Bu isə vətəndaşa birbaşa laqeydlikdir. Paşinyan və komandası öz çirkin əməllərinə son qoyub kəndlilərin maddi rifahına kömək etmək əvəzinə guya onların təhlükəsizliyi barədə düşünür. Sözügedən ərazinin Azərbaycan əsgərlərinin mövqeyindən çox uzaq olduğunu bildirən müəllif bu problem həll olunmayacağı təqdirdə yenə aksiyalar keçiriləcəyini də diqqətə çatdırıb.
N.Qaramanlı