Politoloq Alen Gevondyanın bu gün "Hraparak"da yayılmış "Tərəfləri sülh üçün tələsdirirlər. Razılaşmalar var" başlıqlı məqaləsində bir sıra nüanslardan bəhs olunur. O, yazır ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi üçün gərəkən əsas istiqamətlərdə razılaşma əldə olunub. Anklavlar barədə də yenilik var. "Belə ki, ölçmə ilə bağlı bütün işlər başa çatıb, yalnız texniki iş, yəni təhvil-təslim qalıb", - deyən politoloq əlavə edib ki, dünəndən erməni əhalinin həmin yerlərə girişi qadağan edilib və tezliklə oraya Azərbaycan hərbçiləri nəzarət edəcək, müəyyən işlərdən sonra məskunlaşdırılma həyata keçiriləcək. Bütün bunları hakimiyyətin səriştəsizliyi ilə əlaqələndirən politoloq baş nazir Nikol Paşinyanın və spiker Alen Simonyanın Rusiya əleyhinə apardığı siyasətin təhlükəli olduğunu da qeyd edir və əmin olduğunu bildirir ki, Fransa nə qədər silah versə də, siyasi dəstək göstərsə də bölgədə türk-rus siyasətini poza bilməyəcək.
O, daha sonra yazıb ki, Fransanın Ermənistana satdığı texnikadan öz müstəmləkəsi olan Afrika ölkələrinə də satılıb və bunlar müasir döyüşlər üçün səmərəli silah sayılmır. Məhz ona görə də Ukrayna həmin texnikanı almaqdan imtina edib.
Ermənistan daxili işlər nazirliyinin tabeliyində yaradılacaq qvardiyanın da ölkənin müdafiəsinin deyil, yalnız hakimiyyətin maraqlarına xidmətdə olacağına əminlik ifadə edən politoloq bəzi ərazilərin də Azərbaycana veriləcəyini və orada məskunlaşacaq azərbaycanlıların təhlükəsizliyi üçün erməni qvardiyasının bölmələrindən istifadə ediləcəyini də vurğulayıb.Ermənistanda revanşçıların isə yalnız seyrçi mövqedə qalaraq populist şüarlar səsləndirəcəklərini indidən gördüyünü deyən Alen Gevondyan xatırladıb ki, "mən sizə deyəndə ki, "arsax" təhvil veriləcək, inanmırsınız.. indi də belədir".
Görünür, reallığı dərk edən erməni də varmış...
N.Qaramanlı