18.09.2024, 17:27
AZ EN
21.11.2023, 16:50 266

Moldovalı analitik: “Azərbaycanın Ermənistanla birbaşa danışıq təklifi alqışlanandır”

XƏBƏRLƏR
  • “Azərbaycanın Ermənistan ilə birbaşa, vasitəçisiz sülh danışığı təklifi alqışlanandır”.

Bunu Moldovanın Şərqi Avropa üzrə “İntellect Group” analitik mərkəzinin rəhbəri Yan Lisnevski bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlərin mürəkkəb qalmasının səbəblərindən biri beynəlxalq güclərin geosiyasi vəziyyəti gərginləşdirməsidir.

“Azərbaycanın Ermənistanla birbaşa sülh danışıqları aparmaq istəyi alqışlanılır. Bu, başqa ölkələrin müdaxiləsi olmadan konstruktiv dialoqun aparılmasına səbəb ola bilər”, - Y.Lisnevski deyib.

O fikrini izah edərək, bildirib ki, vasitəçi ölkələrin bu məsələdə öz maraqları ola bilər və üstəlik, bu maraqlar açıq-aşkar səsləndirilmir.

“Görürük ki, son günlərdə beynəlxalq aktorların fəaliyyəti müsbət nəticə vermir. 2022-ci ildən əvvəl hesab edilirdi ki, fövqəldövlətlər sülh danışıqlarında vasitəçi ola, yardım göstərə bilərlər. Buraya humanitar yardımlar, diplomatik sahədə kömək daxil idi. Amma hazırda bu məsələdə onların nüfuzu azalır. Çünki fövqəldövlətlərin maraqları var və onlar bu münaqişə zonalarından öz maraqları naminə istifadə edirlər”, - o deyib.

Ekspertin sözlərinə görə, Ukraynada hərbi əməliyyatların genişlənməsindən sonra dünyada 40-dan çox münaqişə zonası risk altındadır.

“Həmin münaqişə zonalarında vəziyyət hər an gərginləşə bilər. Buna nümunə olaraq İsraili göstərmək olar. Bundan başqa, Dnestryanı ətrafındakı vəziyyət də gərgindir. Əhali təzyiq altındadır. Burada sabitliyin pozulmaması üçün tərəflər danışıqlar aparmalıdır. Onlar bu danışıqları fövqəldövlətlərin iştirakı olmadan həyata keçirməlidirlər”, - Y. Lisnevski hesab edir.

O qeyd edib ki, böyük dövlətlərin belə danışıqlarda iştirakının müsbət tərəfi odur ki, onlar zəmanət verə, yardım göstərə bilərlər.

“Amma burada əsas məsələ ikili standartlar sisteminin olmamasıdır. Başa düşməliyik ki, qeyri-sabit vəziyyət ciddi təhdidlər yaradır. Bütün ölkələrdəki insanlar artıq son 5 ildir ki, gərgin vəziyyətdə yaşayırlar. Bu dövr ərzində koronovirus pandemiyası yayılıb, müharibələr başlayıb və s. Stress vəziyyəti müxtəlif ölkələrin cəmiyyətlərinə mənfi təsir göstərir. Buraya Moldova, Ermənistan, Azərbaycan, yəni gərginliyin olduğu bütün ölkələr daxildir. Müharibələr hər an başlaya bilər. Amma onların harada başlayacağını proqnozlaşdırmaq çox çətindir” - deyə, o əlavə edib. (Report)

Oxşar xəbərlər