"Hraparak"ın baş redaktoru, Ermənistan parlamentinin spikerinin qaynanası Armine Ohanyan bu gün paylaşdığı "Biz gücsüz, onlar duyğusuzdurlar" başlıqlı yazısında dünyanın super güclərini, beynəlxalq təşkilatları və ABŞ-ın Ermənistandakı səfiri Andrea Viktorini, el təbirincə desək, yıxıb sürüyüb. Onun sözlərindən belə çıxır ki, dünyanın ermənilərə borcu var və onların təxribatlarını həm siyasi cəhətdən dəstəkləməli, həm də lazım olanda hərbi yardım etməlidir. Baş redaktorun sözlərinə görə Ermənistan rəsmiləri ABŞ-ın səfiri ilə demək olar ki, hər gün görüşüb və ondan mənəvi dəstək istəyib, məsləhətlər alıblar. İnanıblar ki, səfirin ölkəsi çətin durumda haylara hərtərəfli dəstək verəcək. Azərbaycanın haqlı olaraq apardığı bir günlük lokal antiterror əməliyyatında Ermənistanda təlimdə olan ABŞ hərbçilərinin separatçılara niyə kömək etmədiyi kimi sərsəm ifadələr işlədən Armine Ohanyan bu sualın cavabını özü verir, vurğulayıb ki, çünki haylar zəif, amerikalılar isə mənən yoxsul və duyğusuzdurlar. O, ABŞ səfirinə bundan sonra xüsusi ehtiram göstərilməyəcəyini də diqqətə çatdırıb.
Xatırladaq ki, A.Ohanyan dəfələrlə yazıb ki, ermənilər anadan bədbəxt və qorxaq doğulurlar. Son vaxtlar isə beyinləri yuyulub. Düşmən də olsa düz söz deyib. Yazıdan görünən odur ki, Arminenin də beyni yuyulub.
N.Qaramanlı