Ermənistanda daxili miqrasiyada görünməmiş dəyişiklik, əhali Zəngurdan köçür
“Vətən səsi” xəbər verir ki, bu barədə tarixçi və demoqraf Mixael Malxasyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib. O, qeyd edib ki, 2020-ci ilə qədər Ermənistanda daxili miqrasiya daha çox sosial-iqtisadi vəziyyətlə şərtlənirdisə, 44 günlük müharibədən sonra təhlükəsizlik amili üstünlük təşkil edib. Onun sözlərinə görə, Statistika Komitəsinin bu ilin aprelində açıqladığı hesabatdan sonra Ermənistanda yaşayış yeri üzrə qeydiyyatda olan əhali ilə faktiki əhali arasında böyük fərq yarandığı məlum olub. Onun sözlərinə görə, rəsmi hesablamalara əsasən, aprel ayında Ermənistanda daimi qeydiyyatda olanların sayı 2 milyon 928 min 914 nəfər, faktiki əhalisi isə 2 milyon 638 min 917 nəfər təşkil edib. Yəni, 290 min nəfər fərq. Sentyabrın 5-də açıqlanan yeni məlumatlara görə isə aprel ayı ilə müqayisədə daimi qeydiyyatlıların sayı 3817 nəfər, faktiki əhalinin sayı 50521 nəfər artıb.
Mixael Malxasyan vurğulayıb ki, yenilənmiş göstəricilərə əsasən Ermənistanda yaşayış yeri üzrə daimi qeydiyyatda olanlarla faktiki əhalisi arasında fərq indiyədək ölkədə aparılan son üç siyahıyaalmada ən böyüyüdür. Onun sözlərinə görə, 2001-ci ilin siyahıyaalınmasında bu fərq 147 083, 2011-ci il ildə 210 413, 2022-ci ildə isə 243 293 nəfər olub.
Demoqraf onu da deyib ki, 2011-ci il siyahıyaalınması ilə müqayisədə 2022-ci ildə Ermənistanda yaşayış yeri üzrə daimi qeydiyyatda olan əhali artımı yalnız İrəvan və Kotayk vilayətində qeydə alınıb. Bəzi ərazilərdə isə faktiki yaşayanların sayı azalıb. Məsələn, Sünikdə (ermənilər Zəngəzuru belə adlandırır) daimi əhalinin sayı 2011-ci ildəkindən 20 faiz azdır: “Sünikdə daimi qeydiyyatda olanların sayı 114 min 488 nəfərdir, amma orada yaşayan əhalinin faktiki sayı 110 000-dən də aşağıdır. Yəni, Sünik bölgəsinin əhalisi hazırda Artsax (Qarabağdakı qondarma respublikanı nəzərdə tutur) əhalisindən azdır”.
Digər sərhəd bölgələrində azalma Sünikdəki qədər böyük olmasa da, Geqarkunik (Göyçə mahalı, Basarkeçər), Vayots Dzor (Dərələyəz), Tavuş və Lori bölgələrində də qeydə alınıb.
Mixael Malxasyan Ermənistandakı daxili miqrasiyanın bu şəkildə dəyişməsini və Azərbaycanla sərhədyanı bölgələrdə faktiki əhalinin sayının kəskin şəkildə azalmasını 44 günlük müharibə və ötən ilin senytabrındakı məşhur “sərhəd toqquşması” ilə əlaqələndirir. Onun fikrincə, daxili mirasiyada böyük fərqlərin ortaya çıxması sərhədyanı ərazilərdə yaşayan əhalinin daha təhlükəsiz bölgələrə köçməsinin təzahürüdür.
Elxan SALAHOV