“Vətən səsi” xəbər verir ki, bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb. Bildirilir ki, “Ayakve” qrupunun üzvləri Cinayət Məcəlləsinə Ermənistanın adından Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan vəzifəli şəxslər üçün məsuliyyət nəzərdə tutan düzəlişin edilməsini təklif edirlər. Təklifə əsasən bu əmələ görə vəzifəli şəxsə 10 ildən 15 ilədək həbs cəzası verilə bilməlidir.
“Ayakve” qrupunun əlaqələndiricisi Avetik Çalabyan bildirib ki, təklif olunan dəyişikliyə əsasən Ermənistan Respublikası adından Artsaxın (Qarabağ-red) başqa dövlətin tərkib hissəsi kimi tanınması və erməni soyqırımının beynəlxalq tanınmasından imtina cinayət əməli sayılacaq: “Çünki məhz bu iki bənd Ermənistan Respublikasının müstəqilliyinə dair 23 avqust 1990-ci ildə qəbul edilmiş Bəyannamədə ümummilli məqsədlər kimi göstərilir.”
Azadlıq Radiosunun erməni xidməti yazır ki, konstitusiyaya görə təşəbbüsçülər 50 min imza toplaya bilsələr, bu məsələ Ermənistan Milli Məclisində müzakirəyə çıxarılmalıdır. Parlament təşəbbüsü rədd edəcəyi təqdirdə referendum keçirilməsi üçün 300 min imza toplamaq lazım gələcək.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Lakin “Ayakve” qrupunun üzvləri hesab edirlər ki, Paşinyanın bəyanatı hüquqi baxımdan təsdiq olunmayıb:
“Heç müqavilə də bağlanmayıb. Söhbət heç bir hüquqi gücü olmayan şifahi bəyanatdan gedir. Biz elə bu Ayakve prosesini ona görə başlatmışıq ki, Artsaxın (Qarabağ-red) Azərbaycanın tərkib hissəsi kimi tanınması prosesini dayandıraq” – deyə, Avetik Çalabyan əlavə edib.
Yeri gəlmişkən, müxalif ictimai fəal Avetik Çalabyan ötən ilin yayında tələbələri pulla antihökumət aksiyalarına cəlb etməyə çalışmaqda ittiham olunurdu.
Elxan SALAHOV