Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 18-də parlamentin növbədənkənar iclasında bir sıra vacib məsələlərə aydınlıq gətirməsi, həmçinin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini bəyan etməsi ermənilər arasında yeni çaxnaşma yaradıb. Tanınmış müxalif jurnalist Armine Ohanyanın təbirincə desək, anadan bədbəxt və qorxaq doğulan revanşçı ermənilər yenidən “birləşək, sonadək mübarizə aparaq”, - deyə əhalini hakimiyyətin üzərinə qaldırmağa çalışır. N.Paşinyanın “demirəm ki, tarixi unudaq, reallıq budur ki, cəmiyyət gələcəyə reallıq baxımından yanaşmalı, düşüncə tərzini dəyişməlidir”, - deyə həm deputatlara, həm də bütün ictimai-siyasi qurumlara müraciət etməsi yenə ciddi qınağa, hətta təhqirə yol açıb.
Hüquq müdafiəçisi Zaruhi Hovhannisyan isə bu gün “Hraparak”ın əməkdaşı Hayk Gevorkyanla söhbətində, necə deyərlər, açıb köhnə sandığı, töküb pambığı, deyib ki, “bu gün baş nazir stulunda əyləşən adam istisna olmaqla, Ermənistanın heç bir rəhbəri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təqdim etməyib” və Azərbaycanın ərazisi kimi tanımayıb. O, beynəlxalq təşkilatların bu məsələdə ermənilərin tərəfini tutmadığını da baş nazirin düzgün siyasət yeritməməsi ilə əlaqəndirərək bütün ermənilər adından ultimatum xarakterli ifadələr işlədib. Deyib ki, cəmiyyət hansısa ictimai-siyasi təşkilat deyil ki, vəzifə, yaxud deputatlıq naminə siyasətini, düşüncəsini dəyişsin. “Erməni xalqı sıx birləşib öz 30 il əvvəlki qələbəsini yenə əldə etməlidir”, - deyə o, xalqı hakimiyyətə və Azərbaycana qarşı barışmaz mövqe tutmağa səsləyib.
Göründüyü kimi, qanında hər növ virus olan bu xəstə toplumun müalicəsi dəmir yumruğa bağlıdır.
N.Qaramanlı