Bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.
“İlin ən böyük hadisələrindən biri Prezident İlham Əliyevin Ağdamdakı “İmarət” stadionunun təməlini qoyması oldu. Arenamızın inşasına başlanılması uzun illər doğma şəhərindən, öz stadionunda uzaq düşən klubumuz üçün tarixi hadisədir. Daim idmana, klubumuza qayğı ilə yanaşan, stadionumuzun inşasını diqqətdə saxlayan dövlətimizin başçısına klubumuz və bütün “Qarabağ” pərəstişkarları adından təşəkkür edirəm”, - deyə Tahir Gözəl vurğulayıb.
Onun sözlərinə görə, “Qarabağ” bu il Çempionlar Liqasının pley-offuna qədər yüksəlməklə azarkeşlərinə sevinc bəxş edib. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan komanda bu raundda oynayan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Premyer Liqada da qış fasiləsinə 1-ci yerdə yollanan komandamız həm daxili, həm beynəlxalq arenadakı bütün matçlarda öz mübarizəsi, iddiası, cəsarəti ilə hamımızı sevindirdi. O deyib: “Komandamızın uğurlarını qarşıdakı ildə də davam etdirəcəyinə inanıram. Avropa Liqasında bizi iki vacib oyun gözləyir. Baş məşqçimiz Qurban Qurbanov və komandamıza daim inanıram. Onların 2025-ci ildəki bu vacib matçlarda pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağına əminəm. Qarşıdakı ildə Avrokubok, Premyer Liqa və kubokda ən yüksək hədəflər üçün mübarizə aparacağıq. Qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Komandamızın yeni ildə onlara yeni-yeni sevinclər bəxş edəcəyinə inanıram”. (AZƏRTAC)