Bu fikirləri Xəzər televiziyasının qonağı olan “Neftçi”nin futbolçusu Qara Qarayev Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrindən danışarkən söyləyib.
Q.Qarayev bildirib ki, İnşaat universitetinin rəhbərliyi adından belə bir təyinat olundu ki, gülü Ulu Öndər Heydər Əliyevə mən verim. İlk addımı sürətlə atanda oradakı mühafizə xidməti məni saxladı. Amma o an videoya düşməyib. Ondan sonra Ulu Öndər mənə baxıb və mühafizəçilərə əli ilə işarə edib deyir ki, buraxın gəlsin. Mən də qaça-qaça Ulu Öndərin yanına gedirəm. O dövrki vəziyyətə görə mənim ora çatmağım mənə nəyəsə qalib olmuş kimi bir hiss yaratmışdı.
Ulu Öndər Heydər Əliyev bu görüşdəki çıxışında bildirib: “Siz bilin və bu gün bir də deyirəm mən və bütün Azərbaycan sizin bu ağır gününüzü bilir və hiss edir, heç vaxt unutmur, heç vaxt da unutmayacaq. Siz daim mənim qəlbimdəsiniz, siz daim mənim fikrimdəsiniz, sizin həyatınız daim məni düşündürür və mən bütün beynəlxalq təşkilatların imkanlarından, bütün dövlətlərin imkanlarından istifadə edərək çalışacağam ki sizi bu vəziyyətdən çıxardım”
“O vaxt hardasa mənim 5-6 yaşım olardı. Uşaq olduğum üçün o vaxt bu görüşün mahiyyətini bu qədər də dərk etmirdim. Amma illər keçdikcə, özümü dərk etdikdən sonra, hardasa 15-16 yaşımda idmana başladığım zamanlarda məcburi köçkünlük nədir, mənasını anladıqdan sonra bu görüşün mahiyyəti mənim üçün dəyişdi. Və oradakı insanlara və bizə verilən mesajın artıq sadəcə bir görüş olmadığını anladım” – deyə futbolçu bildirib.
Günel QULİYEVA