Turnir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə Türkiyənin Yıldız Texniki Universiteti tərəfindən təşkil olunub.
Turnirin qaliblərinin mükafatlandırılması mərasimində Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə qalib komandanın üzvlərini təbrik edib və “Xocavənd” komandasına “Zəfər Kuboku”nu təqdim edib. Turnirdə iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub.
Turnirdə iştirak edən azərbaycanlı gənclər bu gözəl təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildirərək, belə idman tədbirlərinin mütəmadi keçirilməsini arzu ediblər.
Xatırladaq ki, oktyabrın 30-dan start götürmüş turnirə qatılan komandalar işğaldan azad edilmiş ərazilərimizin şərəfinə “Xocavənd”, “Xocalı”, “Xankəndi”, “Zəngilan”, “Cəbrayıl”, “Ağdam, “Laçın”, “Şuşa”, “Füzuli” və “Zəngilan” adlandırılıb.
İlk görüş “Xankəndi” və “Füzuli” komandaları arasında baş tutub. Turnirin final oyunu isə 8 Noyabr – Zəfər Günündə baş tutub. Həlledici qarşılaşmada “Şuşa” və “Xocavənd” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda “Xocavənd” komandası qələbə qazanaraq, “Zəfər Kuboku”nun sahibi olub. (AZƏRTAC)