Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov yeni üzgüçülük hovuzunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, valideynləri azyaşlı uşaqlarını bu hovuza gətirməyə dəvət edib: "Çünki idman sağlamlıqdır. Hər birimiz idmanla məşğul olmalı və özümüzü inkişaf etdirməliyik. Bu gün kiçik uşaqların bizə çox da tanış olmayan idman növlərində ilk addımlarını izlədik. İnanıram ki, həm nazirlik, həm də federasiya olaraq üzgüçülərimizin uğurlu nəticələrini görəcəyik. Onlar beynəlxalq yarışlardan ölkəmizə medallarla qayıdacaqlar".
Nazir bu il Bakının bir sıra kəndlərində də idman obyektlərinin açılışının planlaşdırıldığını qeyd edib.
F. Qayıbov işğaldan azad olunmuş ərazilərdə keçirilən yarışların ənənəvi hal almasını istədiyini vurğulayıb: "Bunun üzərində çalışırıq. Ötən ay Prezident İlham Əliyev Xankəndidə çıxışı zamanı Ağdamda istifadəyə veriləcək “İmarət” stadionu haqqında məlumat verdi. Planlar var, yaxın gələcəkdə elan olunacaq".
Azərbaycan millisinə yeni baş məşqçi təyinatı ilə bağlı məsələyə də toxunan nazir AFFA-nın uğurlu seçim edəcəyinə inamını ifadə edib: “İnanıram ki, ən doğru varianta üstünlük verəcəklər. AFFA ictimai birlikdir. Mən isə futbol mütəxəssisi yox, azarkeşəm”. (AZƏRTAC)