Təklif olunan dəyişikliklər milli təhlükəsizliyi gücləndirmək, vətəndaşların hərbi xidmətə hazırlığını təmin etmək və səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır.
Belə ki, “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanunu”nun layihəsi hazırlanıb. Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə təqdim edilib.
Həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsinə əlavə edilməsi təklif olunan “Qeyd” hissəsində “çağırışdan boyun qaçırma” anlayış olaraq əhatə dairəsi dəqiqləşdirilib. Belə ki, “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.
Bununla yanaşı, müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, bu barədə çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Miqrasiya Məcəlləsinə dəyişikliklər təklif olunub.
Layihədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda istifadə edilən termin və anlayışlara aydınlıq gətirilməsi məqsədilə “tibbi şəhadətləndirilmə”, “elektron kabinet” və “çağırış vərəqəsi” anlayışları əlavə edilib. (Report)