Bu sözləri Müdafiə Nazirliyinin şəhərin işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar təşkil etdiyi mediatur zamanı açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, Ali Baş Komandan İlham Əliyev ordunun qarşısına Şuşanın azad olunması ilə bağlı tapşırıq qoymuşdu:
"Cəbrayıl və Hadrutun azad olunması ilə Şuşa istiqamətində maneələr aradan qalxdı. Oktyabrın sonlarından Şuşa əməliyyatı üzrə planın icrasına başlanıldı. Azərbaycan Ordusu "Qırmızıbazar" istiqamətinə çıxış əldə etdikdən sonra müəyyən manevrlər edildi. Bu, qarşı tərəfin mövqe dəyişməsinə səbəb oldu. Ermənistan tərəfi düşünürdü ki, Azərbaycan Ordusu bu əməliyyata çoxlu sayda canlı qüvvə səfərbər edəcək. Ordunun əsas hissəsi hücum əməliyyatını imitasiya edərək qrup şəklində Şuşaya daxil oldu".
Hərbi ekspertin sözlərinə görə, Azərbaycan Ordusu Şuşaya daxil olduqdan sonra şəhər daxilində də müəyyən əməliyyatlar həyata keçirilib və bu əməliyyatlar nəticəsində işğalçıların aralarında olan rabitə əlaqəsi kəsilib. Bundan sonra qarşı tərəfdə çaxnaşma yaranıb.
"İşğalçılar arasında olan çaxnaşma Azərbaycan Silahlı Qüvvələrinin ərazidə daha geniş əməliyyat keçirməsinə imkan yaratdı. Digər qruplar Daşaltı və Cıdır düzü istiqamətində Şuşaya daxil oldular. Şuşanın azad olunması Azərbaycan Ordusu üçün ciddi üstünlük idi. Silahlı Qüvvələrimiz bu üstünlükdən 2023-cü ilin sentyabr ayında keçirdiyi antiterror əməliyyatları zamanı da istifadə etdi", - deyə hərbi ekspert vurğulayıb.
Qeyd edək ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad edib. Bu qələbəni Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çatdırıb. (Report)