Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə fəaliyyəti çərçivəsində Dövlət Komitəsinin əməkdaşları üçün “İdarəçilik” mövzusunda təkmilləşdirmə təlimləri keçiriləcək.
21 aprel 2022-ci il tarixində baş tutacaq təlimin keçirilməsində əsas məqsəd menecerlik və menecerin vəzifəsi, tələb olunan keyfiyyətlər, vəzifə səlahiyyətləri, işçi heyətinin idarə edilməsi, komanda yaratma bacarığı, idarəçilikdə kommunikasiya, menecer və liderin fərqləri, liderliyin üslubu kimi mövzuları Komitə əməkdaşlarına aşılamaqdır.
Sahə üzrə mütəxəssis tərəfindən təlimin ikinci hissəsində lider olmaq üçün tələb olunan keyfiyyətlər, liderliyin mahiyyəti, üsul və formaları şərh ediləcək, eyni zamanda dövlət qulluqçularına indiki və gələcək karyeralarında bu kimi yenilikləri tətbiq etmə vasitələri izah ediləcək.
Qeyd edək ki, Dövlət Komitəsinin 15 əməkdaşı üçün nəzərdə tutulan təlimin yekununda qazanılan bilik-bacarıqların yoxlanılması məqsədi ilə qısa interaktiv test mərhələsinə də yer veriləcək. Yekunda hər bir əməkdaş iştirak və testin nəticələrinə müvafiq olaraq sertifikatlarla təltif ediləcək.