Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsi müdirinin müavini Mirhüseyn Hüseynov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin məqsədi keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılması və işğaldan azad edilmiş ərazilərə könüllü və təhlükəsiz qayıdışla bağlı maarifləndirmənin təmin olunmasıdır.
Tədbir zamanı iştirakçılara dövlət tərəfindən təqdim edilən güzəştlər və sosial imtiyazlar, sosial müdafiə tədbirlərinin hüquqi əsasları və başaçatma müddətləri, hüquqi müddətlərin hesablanması, onların qanunvericiliyə uyğunluğu və digər aktual hüquqi məsələlər barədə ətraflı məlumat verilib.
Şirvan regional vəkil bürosunun rəhbəri Ruslan Mirzəyev qeyd edib ki, belə ödənişsiz hüquqi yardımlar şəhid ailələri və qazilər üçün də mütəmadi olaraq təşkil olunur. O, eyni zamanda, keçmiş məcburi köçkünlərin hüquqi maarifləndirilməsinə yönəlmiş bu təşəbbüsə çox sayda vəkilin könüllü şəkildə qoşulmasını yüksək qiymətləndirib.
Tədbir çərçivəsində 80-dən çox keçmiş məcburi köçkünə ödənişsiz hüquqi yardım göstərilib, onların sualları cavablandırılıb.