Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi dərin hüzn hissi ilə bildirir ki, komitənin Layihə-Texnoloji və Konstruktor İdarəsinin rəisi Qüdrət Tapdıq oğlu Abışov ağır xəstəlik nəticəsində bu il martın 24-də, 67 yaşında vəfat edib.
Q.T.Abışov 1955-ci ildə Zəngilan rayonunda anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra Bakı Yerli Sənaye Texnikumunda təhsil almış, əmək fəaliyyətinə Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin “Tikintimaterialtexniki” trestində başlamış, burada texnik, mühəndis, aparıcı mühəndis, şöbə rəisi, müdir müavini vəzifələrində çalışmışdı.
30 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Layihə-Texnoloji və Konstruktor İdarəsinin rəisi idi.
Q.Abışov Dövlət Komitəsində çalışdığı uzun müddət ərzində işgüzarlığı, peşəkarlığı ilə kollektivinin dərin rəğbət və ehtiramını qazanmışdı. Əhalinin həssas qruplarından olan məcburi köçkünlərlə birgə işi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyəti Dövlət Komitəsinin rəhbərliyi tərəfindən hər zaman yüksək qiymətləndirilib.
Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Qüdrət Tapdıq oğlu Abışovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!